Korona peyvəndi “qara qızıl” bazarına “can verəcək”? - ŞƏRH

Korona peyvəndi “qara qızıl” bazarına “can verəcək”? - ŞƏRH

“Son günlər dünya bazarlarında neftlə bağlı pozitiv dəyişikliklərin olması və qiymətlərin bahalaşması bir neçə önəmli faktorla bağlıdır. Əslində, neft bazarı real vəziyyəti yox, gözləntiləri satın alır”.

Publika.az xəbər verir ki, bunu neftin dünya bazar qiymətlərinin artmasını şərh edən iqtisadçı Natiq Cəfərli qeyd edib.

Koronavirusa qarşı vaksinlərlə bağlı dünyanın bir çox ölkələrindən pozitiv xəbərlərin yayıldığını diqqətə çatdıran ekspert deyib ki, onların insanlara çatdırılmasının yaxın həftələrdə, aylarda daha intensiv şəkil alacağı bildirilir: “Bu da pandemiyanın sürətinin azalacağı və normala dönüşün yaxın zamanlarda baş verəcəyi ilə bağlı gözləntilər formalaşdırdı. Bu gözləntilər hesabına aktivlərin bir çoxu, o cümlədən qiymətli kağızlar, neft qiymətləri artmağa başladı ki, beləliklə neftə tələbat yaxın gələcəkdə arta bilər”.

“İkinci səbəb odur ki, OPEK+ ölkələrinin bu ayın sonunda texniki görüşləri olacaq və gözlənti ondan ibarətdir ki, yanvarın 1-dən hasilatın azaldılması planı dəyişməliydi. OPEK+ anlaşmasına görə, indi 7,8 milyon gündəlik azalma var. Ancaq ayın sonundakı görüşdə 5,5, hətta 5 milyon barelə qədər hasilatın azalması gözlənilirdi. Yəni hasilatın artırılması planları var. Ancaq ilkin xəbərlərə görə, OPEK 7,8 milyon barel azalmanı gələn ilin ən azı mart ayına qədər uzadılmasını planlaşdırır. Bu da pozitiv təsir göstərdi ki, bazara daha çox neft çıxmayacaq”, - deyə N.Cəfərli əlavə edib.

İqtisadçının sözlərinə görə, əsas məsələlərdən biri də likvidlik bolluğudur, yəni mərkəzi banklar, dünya ölkələri, o cümlədən Federal Ehtiyatlar Sistemi, Avropa Mərkəzi Bankı çox böyük həcmdə bazarda vəziyyətin düzəlməsi üçün likvidlik saxlayır: “Sıfır faizlə verilən kreditlər və likvidliyin böyük qismi fond birjalarına, o cümlədən neft fyuçerslərinin alınmamasına yönəlir. Bu da təsir edən əsas amillərdən biridir. Açığı, real vəziyyət neftin qiymətlərinin yüksəlməsinə dəlalət etmir. Ona görə dediyim kimi, gözləntilərin satın alınması prosesinin şahidi oluruq. Bunun isə təhlükəli tərəfi ondan ibarətdir ki, vaksin doğrudan da işə düşməyə başladıqda neft qiymətlərinə bir o qədər də ciddi yüksək təsir göstərməyəcək. Çünki həmin o gözləntilər artıq indidən neft qiymətlərinin üzərinə gəlib. Ona görə neft qiymətlərinin ən azından yaxın aylarda 40-48 dollardan artıq olması indiki real şəraitə görə mümkünsüz görünür”.

N.Cəfərli onu da nəzərə çatdırıb ki, dünən Səudiyyə Ərəbistanının “Aramco” şirkətinin neftayırma zavodlarına raketlərin atılması neftin qiymətinin 48 dolları keçməsinə səbəb oldu: “Amma bu, qiymətə qısamüddətli təsir edən amildir”.

Şamo Emin

Mənbə: publika.az