Qarabağın yenidən qurulması neçəyə başa gələcək? - “60 milyarda qədər...” - Ekspertlər danışır

Qarabağın yenidən qurulması neçəyə başa gələcək? - “60 milyarda qədər...” - Ekspertlər danışır

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, noyabrın 10-da imzalanan bəyanatda nəzərdə tutulmuş müddəaların icrasına başlanacaq.

Belə ki, işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə bir sıra dövlət qurumları əlaqəli şəkildə fəaliyyət göstərəck. Qərargahın rəhbəri Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevdir.

Hələlik Qarabağın yenidən qurulması üçün nə qədər vəsaitin tələb olunması hesablanmayıb. İqtisadçıların fikrincə, işğaldan azad edilmiş ərazilərdə yaşayış üçün lazımi infrastrukturun qurulmasından ötrü xeyli vəsait tələb olunacaq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Cebhe.info-ya açıqlamasında deyib ki, hazırsda konkret vəsiti heç kim söyləyə bilməz:

 

“Çünki orada ilk növbədə ərazilərin minalardan təmizlənməsi prosesi gedəcək. İkincisi, təhlükəsizlik tədbirləri həyata keçirilməlidir. Bunun üçün müəyyən qədər xərc gedəcək. Ondan sonra infrastruktur layihələri həyata keçiriləcək. Qaz, su, işıq və yol məsələləri həll olunmalıdır. Yalnız bundan sonra orada digər işlərə başlana bilər. Yəni müəyyən istehsal və emal layihələri həyata keçirildikndən sonra insanlar köçürülə bilər. O cümlədən, evlər tikilməli və yaşayış üçün bütün şəraitlər yaradılmalıdır. Vəsait kifayət qədər böyük olacaq. Amma hamısı dövlət hesabına olmayacaq. Həm özəl, həm də dövlət hesabına işlər görüləcək, yəni birlik nümayiş olunacaq. Xaricdən, xüsusilə Türkiyədən müəyyən investorlar və iş adamları cəlb oluna bilər. Artıq maraqlananlar var. Hesab edirəm ki, vəsaitlə bağlı Azərbaycanın problemi olmayacaq. Qonşu dövlətlərdən də investor kimi maraq göstərənlər çoxdur. Dövlət büdcəsinə noyabrın sonu, dekabrın əvvəlində baxılacaq. Bütün bu məsələlır həllini tapacaq”.

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, Qarabağın yenidən qurulması üçün sərf olunacaq vəsaitin konkret məbləğini əvvəlcədən proqnozlaşdırmaq çox çətindir:

 

“Qarabağın bərpasının hansı yanaşma əsasında qurulacağı burada əsas məqamdır. Məsələn, bütün yaşayış məskənləri bərpa oluncaq, yoxsa ümumi kompaktlaşma siyasəti ortaya qoyulacaq? Yaşıl böyümə konsepsiyasının parametrləri nəzərə alınacaqmı? Ekoloji cəhətdən səmərəli, eyni zamanda bərpa olunan enerjiyə üstünlük veriləcəkmi? İnfrastruktur hansı formada qurulacaq? Bilirsiz ki, ötən gün Ağdama Bərdədən dəmiryolunun çəkilməsi ilə bağlı sərəncam imzalandı. Sonradan həmin dəmiryolunun Xankəndinə qədər davan etdirilməsi nəzərdə tutulurmu? Bütün bunlar bu gün sual altındadır. Ümumiyyətlə, Qarabağın yenidən bərpası ilə bağlı Baş Plan hələ hazır deyil. Yəqin ki, cəlb olunacaq mütəxəssislərlə bağlı ümumi bir yanaşma ortaya qoyulacaq”.

Ekspert əlavə edib ki, Qarabağın bərpa olunması ilə bağlı ümumi bir qiymətləndirmə var:

“Biz müəyyən parametrləri nəzərə almaqla hesablama aparmışıq. Növbəti 8-10 il ərzində Qarabağın ən azından bərpasına minimum 50-60 milyard vəsait lazım olacaq. Amma bu, layihələrin kimlər tərəfindən icra olunmasından asılı olaraq dəyişən rəqəmdir. Burada tenderlərin nə dərəcədə şəffaf keçirilməsi, eləcə də korrupsiya elementlərinin qarşısının alınması ilə bağlı tədbirlərin nə qədər effektiv olması məsələləri var. Çoxlu faktorlar qiymətə və maya dəyərinə təsir göstərə bilər. Dolların dünya bazarında alıcılıq gücünün hansı nisbətdə dəyişəcəyi- azalacağı və ya artacağı, Azərbaycanda devalvasiya, manatın məzənnəsini hansı nisbətdə nümayiş etdirəcəyi və s. bu kimi məsələlər də rol oynayacaq”.

Mənbə: cebhe.info