Azərbaycan enerji sektorunda bazar islahatları üzrə seminar keçirilib (FOTO)

Bakı. Trend:

Elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinin tətbiqi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, Azərbaycanda enerji sektorunda bazar islahatları, Dünya Bankının bu prosesə dəstəyinin əhatə dairəsinin və növbəti addımların müəyyənləşdirilməsi məqsədilə iki günlük seminar təşkil edilib.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Özbəkistan Respublikasının Energetika Nazirliyi, Türkiyə Respublikasının Energetika və Təbii Ehtiyatlar Nazirliyinin əməkdaşları, Peru və Rumıniyadan olan ekspertlər, həmçinin Dünya Bankı Qrupunun mütəxəssislərinin iştirakı ilə baş tutmuş seminarda energetika nazirinin müavini Elnur Soltanov və Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus açılış nitqi ilə çıxış edib.

Seminarın birinci günündə Azərbaycanda enerji sektoru üzrə planlaşdırılan islahatlar, liberal bazar münasibətlərinə keçid, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və enerji səmərəliliyi sahəsində görülmüş işlər, qarşıya qoyulmuş hədəflərə dair təqdimat nümayiş olunub, seminar iştirakçıları tərəfindən ünvanlanmış çoxsaylı suallar cavablandırılıb. Eyni zamanda, Avropa, Mərkəzi Asiya, Cənubi Amerika ölkələrində energetika sektorunda islahatlar və liberallaşmış bazarlarda bərpa olunan enerji mənbələrinin payının genişləndirilməsi, sahənin inkişafına özəl investorların cəlb edilməsi üzrə beynəlxalq təcrübədən nümunələr nəzərdən keçirilib.

 

Seminarın ikinci günündə Özbəkistan, İspaniya, Rumıniya və Peru tərəfindən aparılan islahat proseslərinin nümunələri əhatəli şəkildə təqdim olunub, dəyirmi masa müzakirəsinə çıxarılıb. Həmçinin, dünyada liberal bazar münasibətləri çərçivəsində fəaliyyət göstərən enerji bazarlarında bərpa olunan enerjidən istifadənin genişləndirilməsi və bu tendensiyanın bazara təsiri ilə bağlı təcrübələr təhlil edilib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanın siyasi partiyaları Fransa Senatında qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı bəyanat yayıb

SONRAKI XƏBƏR

Moskvadan qurtuluş umanlar TƏHLİL