Polietilen torba problemi - HƏLLİNİ TAPIR?

Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilir.

Məsələ Milli Məclisin “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə təklif edilən müddəalar polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanlara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Bu yenilk əhaliyə necə təsir edəcək? İstehlakçılar və istehsalçıların üzərinə hansı vəzifə düşür?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Lent.az -a açıqlamasında əhalini prosesə dəstək verməyə çağırıb: “Əhali ölkəmizin ekoloji vəziyyətini, sellofon torbaların evlərimzi nə qədər çirkləndirdiyini dərindən dərk etməli, prosesə mümkün dəstəyi verməlidir.

AİB olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə 500-ə kimi alternativ bazar torbaları paylamışıq. Təşəbbüsümüzə qoşulan digər QHT-lər də bu yöndə işlər görürlər. Bezdən hazırlanmış, pambıq əsaslı təmiz bazar torbaları təqdim etmişik, insanlar onu dəfələrlə istifadə edə bilər”.

E.Hüseynov polietilen torbaların təhlükəli olduğunu dəfələrlə açıqladıqlarını xatırladıb: “Bu torbalar polietilen material olduğundan çözülmür, illər boyu qalaraq ətraf mühiti çirkləndirir. Üstəlik evlərə daxil olur. Onların üzərindəki rənglər ağır metallardır. Müəyyən yollarla orqanizmə keçir və tədrici zəhərlənməyə gətirib çıxarır”.

AİB sədri bildirib ki, bu məsələdə ən azı MDB ölkələrinin təcrübəsinin tətbiq olunmasını dəfələrlə təklif ediblər. Torbalar qamışdan toxunmalı, qalınlığı minimum olmalı və mütləq pulla satılmalıdır ki, insanlar onu almaqdan çəkinsinlər: “İnsanlar bazar torbalarına keçməlidir. Ən ekoloji vasitə kimi həsirdən toxunmuş zənbillərdən istifadə etmək olar. Talış zənbillərini buna misal gətirmək olar. Bu ekoloji təmiz zənbilləri, hətta dünya bazarına çıxarmaq olar”.

AİB sədri hesab edir ki, polietilen vasitələrin evlərə, ətraf mühitə ayaq açmasının qarşısını almaq üçün Milli Məclisin qərarı xalq tərəfindən ciddi dəstəklənməlidir. İlk mərhələdə nazik, pulla satılan sellofon torbalar təklif oluna bilər: “Bu vasitələrin dünya təcrübəsində alternativi kağız əsaslı torbalardır. Bir çox ölkələrdə tam kağız əsaslı torbalardan istifadə olunur”.

AİB sədri hesab edir ki, polietilen torbalardan sonra növbəti mərhələdə bu cür qablaşdırma materillarının məsələsi gündəmdə olmalıdır.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Qətərin dövlət əmiri Türkiyədə rəsmi səfərdədir

SONRAKI XƏBƏR

Əsgərlərimiz BU MAHNINI elə ifa etdilər ki... -VİDEO