Superintensiv bağçılığa maraq artıb - VİDEO

Superintensiv bağçılığa maraq artıb - VİDEO

Qubadakı mövcud alma bağları 35-40 il öncə əkilib.

Bu gün bioloji inkişafdan dayanan meyvə bağlarında məhsuldarlıq ilbəil azalır. Bu səbəbdən də təsərrüfat sahibləri müasir tipli superintensiv bağlara üstünlük verirlər.

Son illər ümümilikdə Qubada 1800 hektar superintensiv bağ salınıb. Bunun min hektarını alma qalan hissəsini isə digər meyvələr təşkil edir. Bağbanları həvəsləndirən ilk amil yeni tipli bağlarda məhsuldarlığın 3 dəfə artıq olmasıdır. Digər tərəfdən isə superintensiv bağlar tez məhsul verməklə yanaşı həm də xəstəlik və zərərvericilərə qarşı davamlıdır.

Superintensiv bağların damcılama üsulu ilə suvarılması isə fermerlərin daha bir çətinliyini həll etməyə imkan yaradır.

Bu bağların əsas üstünlüklərindən biri də odur ki, burada az su ilə çox sahəni sulamaq mümkündür. Bu isə o deməkdir ki, yay aylarında yaşanan suvarma problemi də aradan qalxır.

Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Tarverdi İsmayılovun sözlərinə görə, ənənəvi bağlarla müqayisədə superintensiv bağlarda suvarma suyuna 5 dəfə qənaət edilir.

Qeyd edək ki, Quba ilə yanaşı Xaçmaz və Qusar rayonlarında da son illər superintensiv bağçılığa maraq yüksəkdir. Hazırda şimal bölgəsində ümumilikdə 5 min hektardan artıq müasir tipli bağ sahələri mövcuddur.

 

 

Mənbə: www.realtv.az