"Bütün qazanxanalar problemsiz işləyir" - RƏSMİ

"Bütün qazanxanalar problemsiz işləyir" - RƏSMİ

Xəbər verdiyimiz kimi, Azərbaycanda istilik mövsümünə respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində noyabrın 15-dən başlanılıb.

Ancaq buna baxmayaraq, bəzi sakinlər Lent.az -a müraciət edərək evlərinin istiliklə təmin olunmasında problem yaşadıqlarını bildiriblər.

Mövzu ilə əlaqədar Lent.az -a açıqlama verən “Azəristiliktəchizat”ın Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, hazırda bütün qazanxanalar problemsiz işləyir:

“Cəmiyyətə məxsus olan 559 qazanxana vasitəsilə yaşayış binaları, sosial obyektlər istiliklə təmin olunub.

Qeyd edim ki, “Azəristiliktəchizat”ın 956 nömrəli “Çağrı Mərkəzi” gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Vətəndaşlarımız 956 nömrəli “Çağrı Mərkəzi”, telefon, elektron məktub və qurumun rəsmi “Facebook” səhifəsi vasitəsi ilə onları maraqlandıran suallarla bağlı müraciətlərini həyata keçirə bilərlər”.

Xidmət rəisi xatırladıb ki, payız-qış mövsümü ilə əlaqədar istehlakçılar tərəfindən də yaşayış binaları, mənzillər və sosial obyektlərdə enerji qoruyucu tədbirlər görülməlidir:

“Binaların ümumi istifadədə olunan hissələrində, pilləkən qəfəslərində və digər yerlərdə qapı və pəncərələrdən istilik itkilərinin qarşısının alınması üçün müəyyən işlər görülməli, binadaxili və mənzildaxili istilik sistemləri təkrar yoxlanılmalı, istilik sistemlərində yaranmış su sızmaları və axıntılar dərhal aradan qaldırılmalı, əvvəlki mövsümdə istilikvermə qabiliyyəti zəif olan qızdırıcı cihazlar yuyularaq təmizlənməli və ya yenisi ilə əvəz olunmalı, köhnə polad borulardan olan dik dayaqlarda tutulma halları müşahidə olunduğu zaman həmin dik dayaqlar da yenisi ilə əvəz olunmalıdır”.

Mənbə: lent.az