Çin COVID-19-un yeni dalğasının qarşısını ala biləcəyinə əmindir

Çin dünyada pandemik vəziyyətin ağırlaşdığı payız-qış aylarında COVID-19-un yeni dalğasının qarşısını ala biləcəyinə əmindir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin baş epidemioloqu U Cunyou ölkəsinin ötən 11 aylıq təcrübəsinə əsaslanaraq pandemiyanın yeni dalğasının qarşısını ala biləcəklərinə, ilin əvvəlindəki böhranlı vəziyyətin yenidən yaşanmayacağına inanır.

Çində aprel ayında COVID-19 virusunun yayılması əsasən nəzarət altına alınandan bəri epizodik yoluxmalar qeydə alınır. Amma planetin şimal yarımkürəsində payız-qış dövrünün başlaması ilə bir çox ölkədə pandemik vəziyyətin daha da ağırlaşması fonunda Çinə xaricdən virus axını təhlükəsi çoxalıb. Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, ay ərzində ölkə daxilində 98 yoluxma qeydə alınıb ki, bu da əvvəlki ayla müqayisədə 7,5 dəfə çoxdur. Epizodik yoluxma halları Şanxay və Tiencin şəhərlərində, Anhuy vilayətində və Daxili Monqolustan muxtar bölgəsində qeydə alınıb. Çin səlahiyyətli qurumları dünyadakı vəziyyətinə təhlil edərək, yeni dalğaya qarşı qabaqlayıcı tədbirləri gücləndiriblər.

Hazırkı vəziyyətdə təsadüfi yoluxmaları təbii hal kimi qiymətləndirən baş epidemioloq U Cunyou, bu cür yoluxmaların qarşısının tam alınmasını mümkünsüz hesab edir. Ötən 11 ay pandemiya ilə mübarizədə və onun nəzarət altına alınmasında böyük təcrübə əldə edilib. Bu təcrübə pandemiyanın mümkün yeni dalğası ilə mübarizədə səmərəli olacaq.

Baş epidemioloq hər ehtimala qarşı əhalini virusa yoluxmamaq üçün qabaqlayıcı tədbirləri, o cümlədən maska taxılmasını, gigiyena qaydalarına əməl olunmasını, sosial məsafənin qorunmasını davam etdirməyi tövsiyə edib.

Qeyd edək ki, səlahiyyətli qurumlar son aylar Çində aşkarlanan epizodik yoluxmaların məhz xaricdən gələn yoluxmuş şəxslərdən və ya idxal edilən ərzaq məhsullarından, xüsusən donmuş qida məhsullarından qaynaqlandığını bildirirlər. Aparılmış araşdırmalar nəticəsində son vaxtlar xaricdən idxal edilən donuz və quş ətində, balıqların səthində və qablaşdırmalarında COVID-19 virusunun aşkarlanması halları çoxalıb. Elə iyun ayında Pekindəki yoluxma zəncirinin araşdırılması zamanı Asiyanın ən böyük ət bazarı olan "Sinfadi"də balıq ətinin doğrandığı taxtada virus aşkarlanmışdı. Bundan başqa, oktyabrda Çindao şəhərində idxal olunmuş donmuş balıqda koronavirus tapılmışdı. Yeni növ koronavirusun soyuğa davamlı olduğu, donmuş vəziyyətdə olan quş əti, balıq və donuz ətində günlərlə yoluxdurucu funksiyasını itirmədiyi məlumdur.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Balıq yağı: orqanizmə təsiri – Kimlərə olmaz

SONRAKI XƏBƏR

Biləsuvarda şəhid dəfn edilib - Foto