Naxçıvana dəmir və avtomobil yolu projesi: qarşı duran güclərin mübarizəsi nə vəd edir?

Naxçıvana dəmir və avtomobil yolu projesi: qarşı duran güclərin mübarizəsi nə vəd edir?

Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının noyabrın 10-da imzaladıqları razılaşmaya əsasən bölgədə nəqliyyat-kommunikasiya əlaqələri bərpa olunmalıdır. Razılaşmada qeyd olunur ki, Ermənistan Respublikası vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilir. Nəqliyyat əlaqəsi üzrə nəzarət Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.

Razılaşma açıqlanandan sonra Naxçıvanla quru əlaqəsinin bərpa olunması ilə bağlı müzakirələr başlayıb. Lakin əlaqənin konkret hansı ərazidən təmin ediləcəyi dəqiq açıqlanmır. Müzakirələr daha çox Sovet dövründə olan Mincivan-Culfa dəmiryolu, həmçinin eyni marşrut üzrə avtomobil yolunun bərpa edilməsi ətrafında aparılır.

Qeyd edək ki, 1941-ci ildə işə salınan Mincivan-Culfa dəmiryol xəttində hərəkət Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunmazdan bir neçə il əvvəl dayandırılıb, xətt tamamilə sökülüb dağıdılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ekspertləri hesab edirlər ki, Naxçıvana quru yolunun açılması ölkənin nəqliyyat və logistika sisteminin inkişafı, xarici və daxili daşınmalar üçün alternativlərin çox olması bu ölkənin iqtisadi inkişafında, idxal və ixrac əməliyyatlarının təhlükəsiz həyata keçirilməsi üçün önəmlidir: “Bu baxımdan ölkənin digər bölgələri ilə quru yolu mövcud olmayan Naxçıvan MR-nın ölkədaxili regionlar ilə iqtisadi əlaqələri əlavə vaxt və xərc yaradırdı. Naxçıvan ilə quru əlaqələrin bərpası ilk növbədə nəqliyyat sisteminin şaxələndirilməsi və mövcud kommunikasiya infrastrukturuna əhəmiyyətli alternativ təmin edir. Bu sazişə qədər Azərbaycanın digər regionları ilə Naxçıvan arasındakı birbaşa nəqliyyat əlaqəsi sadəcə, hava yolları vasitəsilə mümkün idi ki, bu nəqliyyat dəhlizinin açılması ilə bu bahalı nəqliyyat vasitəsinə daha ucuz və daha çox ixrac-idxal həcmi qazandıra biləcək alternativ olan avtomobil və dəmiryolu xətlərinin çəkilməsi üçün imkan yaranacaqdır. Bununla da Naxçıvan regional nəqliyyat sisteminin şah damarına çevriləcəkdir".

Mərkəz mütəxəssislərinin fikrincə, quru əlaqələrin bərpası ilə beynəlxalq miqyasda Asiya və Avropa arasındakı çoxtərəfli iqtisadi əlaqələrin inkişafında mövcud daha bir problem öz həllini tapacaq: “Postblokada dövründə isə Naxçıvan, bu tranzit xətləri öz üzərinə çəkməklə, Xəzər dənizi və Aralıq dənizi arasında körpü rolunu oynayacaq, İpək yolu üzərindəki ölkələr üçün təhlükəsiz, ucuz və sürətli daşınmanı təmin edəcək. Bundan başqa, Naxçıvan gələcəkdə Şimal-Cənub nəqliyyat dəhlizinə və layihəsi planlaşdırılan Qars-İğdır-Naxçıvan dəmiryol xətlərinə inteqrasiya vasitəsilə beynəlxalq yüklərin Avropaya daşınmasında açar mövqeyində olacaq. Naxçıvanla nəqliyyat kommunikasiya sisteminin qurulması həmçinin məsafə və dolayısı ilə yüklərin çatdırılma sürəti baxımından böyük əhəmiyyət daşıyır. Gələcəkdə Naxçıvan ərazisindən keçəcək quru yolu xətləri Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin uzunluğundan 1,7 dəfə, təxminən 343 km az olmaqla daşınmaların xərcini və müddətini azaldacaq və Naxçıvan nəqliyyat qovşağı Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə komplementar olmaqla, Mərkəzi Asiya və Avropa arasında körpü rolunu oynayacaq. Həmçinin Naxçıvan vasitəsilə Türkiyəyə avtomobillə gediş məsafəsi təxminən 343 km qısa olacağı üçün, hər iki ölkə arasında turistlərin ikitərəfli yerdəyişməsində Naxçıvan ərazisindən ölkəyə girişin geniş vüsət alacağı gözlənilir. Əvvəlki illərdə Türkiyə ilə Naxçıvan arasındakı Dilucu sərhəd keçid məntəqəsindən istifadə edən sərnişinlərin sayının 5-7,5 min nəfər idi. Naxçıvanla quru yolu bərpa edildikdən sonra Azərbaycanın digər bölgələrinə getmək istəyən turistlərin də bu yoldan istifadə etməsi ilə bu rəqəmin daha da artacağı proqnozlaşdırılır. Ölkəyə girişlərin Naxçıvan vasitəsilə həyata keçirilməsinin genişlənməsi isə dolaylı olaraq, Naxçıvanda turizmin inkişafına müsbət təsir göstərəcəkdir”.

Naxçıvanla quru əlaqələrinin təmini ilə Naxçıvan MR Azərbaycanın digər regionlarındakı nəqliyyat şəbəkəsinə qoşularaq, öz məhsullarını Azərbaycanın digər bölgələrinə, həmçinin Avropaya və Asiyaya daha rahat imkanlarla çıxara biləcək. Postblokada dövründə nəqliyyat kommunikasiya sisteminin şaxələnməsi ilə Naxçıvan öz iqtisadi inkişafını daha da sürətləndirərək, idxal üçün çəkiləcək xərclərə qənaət edəcək, ixrac həcmini artıracaq həmçinin böyük bazarlarda tanınmaqla iqtisadi rayona xaricdən investisiya cəlb edə biləcək: “Quru yolun bərpası ilə layihəsi planlaşdırılan Qars-İğdır-Naxçıvan dəmiryol xətlərinə qoşularaq beynəlxalq yüklərin Avropaya daşınmasında Azərbaycandan Türkiyəyə yükdaşımaları asanlaşacaq. Nəticədə Azərbaycandan ixrac edilən məhsulların nəqliyyat xərcləri azalacaq və Naxçıvanın beynəlxalq logistika qovşağı olaraq Ağrı, Ardahan, İğdır və Qars şəhərlərini əhatə edən Türkiyənin Şərqi Anadolu (TRA2) bölgəsi başda olmaqla bütün Türkiyə ilə ticarət əlaqələri daha da genişlənəcək”.

Razılaşma imzalanandan bir həftə sonra Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu bildirib ki, onlar Naxçıvana dəmiryol xətti çəkəcəklər. O, Azərbaycanda yaşanan yeni hadisələrdən sonra Naxçıvan istiqamətində dəmiryolu xətti çəkilməsini planlaşdırdıqlarını bildirib və vurğulayıb ki, bununla bağlı artıq ilkin işlər, ilkin araşdırmalar başa çatıb.

Xatırladaq ki, Azərbaycan bir neçə il əvvəldən Bakıdan Naxçıvana dəmiryolu xətti çəkmək istəyini bildirmişdi. Bununla bağlı açıqlamalar 2017-ci ildən səsləndirilib. Bu xəttin yaradılması Türkiyə və ya İran üzərindən təklif edilirdi. Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildikdən sonra Qarsdan Sədərəyə dəmiryolu xətti çəkilməsi mümkünlüyü müzakirə edilirdi. Lakin Müzəffər Ordumuzun Vətən Müharibəsində əldə etdiyi böyük qələbədən sonra Naxçıvanla dəmiryol və avtomobil əlaqəsinin daha qısa xətt üzrə çəkilməsi imkanı yaranıb.

Ermənistan qoşunlarını dekabrın 1-dək işğalda qalan son rayonumuzdan – Laçından çıxarmalıdır. Bundan sonra razılaşmanın digər bəndlərinin – nəqliyyat-kommunikasiya xətlərinin bərpası işlərinin icrasına başlanmalıdır. Ermənistan mətbuatında artıq Mehri rayon sakinlərinin rayon ərazisindən Naxçıvana yolların açılmasına dair mövqeləri yayılmağa başlayıb. Eyni zamanda məsələnin regionda və dünyada bir sıra ölkələrin marağına uyğun gəlmədiyi, bu baxımdan razılaşmanın müvafiq bəndinin icrasına maneələr yaradılacağına dair müzakirələrdə getməkdədir.

Sülhəddin Əkbər

Politoloq, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər xatırladır ki, ümumiyyətlə, erməni məsələsi, onun tərkib hissəsi olan Dağlıq Qarabağ məsələsi geopolitik bir məsələdir: “Heç kimə sirr deyil ki, bu, ikinci Rusiya-İran, daha sonra 1826-1828-ci illərin Rusiya-Osmanlı müharibəsindən sonra başlayan bir strateji plan çərçivəsində aparılan prosesdir. Rusiya Azərbaycanı parçaladı, İran və Türkiyə ilə əleyhimizə imzalanan müqavilədən sonra ermənilər Azərbaycan torpaqlarına köçürülməyə başladı. Bu, birinci mərhələdir. İkinci mərhələdə erməni vilayətini, üçüncüdə dövlətini yaratdılar, indi də dördüncü mərhələdə onu genişləndirməyə başladılar. Yəni bu, bir rus strategiyasıdır. Bu gün bizim üzləşdiyimiz Dağlıq Qarabağ münaqişəsi, Vətən Müharibəmiz də bir geopolitik savaşdır. Bu savaşın arxa planında biz İsrail, Böyük Britaniya və Türkiyənin birgə hərəkətini görürük. Burada Rusiya ilə də bir geopilitik əməkdaşlıq var, çünki Rusiya artıq Türkiyənin Cənubi Qafqaza girməsinin qarşısını ala bilmir. Bu günə qədər Cənubi Qafqazda təkbaşına hakim güc idisə, bundan sonra artıq Türkiyə ilı birlikdə - kondominimum şərtilə idarəçiliyə razı olmağa məcbur qaldı. Çünki burada Böyük Britaniya, İsrail və Türkiyənin birgə hərəkət etməsi, onların arxasında da dünyanın müəyyən güc mərkəzlərinin durması var. Qarşıdan 2021-ci ildə Rusiya məsələsinin, Putinin özünün şəxsi məsələsinin gündəmə gəlməsi var. Bütün bu geopolitik şərtlər məcbur etdi ki, Putin Türkiyə ilə anlaşmaya getsin”.

S.Əkbər bildirir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsinin yaradılması da gepolitik məsələdir: “Hələ Sovet dövründə Moskva ilə Ankara arasında bir anlaşma imzalanmışdı. Bu anlaşmaya əsasən Türkiyə ilə SSRİ arasında həm dəmir yolu, həm də avtomobil magistralının çəkilməsi nəzərdə tutulmuşdu, hətta yolun çəkilişinə də başlanmışdı. Lakin Ermənistan və onun Moskvadakı havadarları yolun çəkilişinə bütün gücləri ilə mane olurdular. İndiki halda da Ermənistan və onun arxasında dayanan qüvvələr Azərbaycandan Naxçıvana dəmir yolu və avtomobil əlaqəsinin bərpasında, bütövlükdə Rusiya ilə Türkiyə arasında Azərbaycan üzərindən nəqliyyat və ticarət dəhlizinin işə salınmasında maraqlı deyillər. Eyni zamanda İran, həmçinin ABŞ-dakı bəzi dairələr də bu projenin əleyhinədirlər. Ona görə də mən proseslərə ehtiyatlı optimizmlə yanaşıram. Təbii ki, burada Böyük Britaniyanın Türkiyə ilə birlikdə Rusiya ilə əməkdaşlığının davam edəcəyini düşünürəm. Burada İsrailin də öz maraqları var. Rusiyanın da bu məsələdə maraqlı olduğunu düşünürəm – Ermənistandakı hərbi qüvvələrinə birbaşa yol açılır. Eyni zamanda özünün strateji uzantısı olan Ermənistana Azərbaycan üzərindən quru əlaqəsinin yaranması baxımından da bu məsələ Rusiyanın maraqlarına uyğundur. Bundan əlavə, Ermənistan əhalisinin də maraqlarına cavab verən layihədir. Ona görə də qarşıdakı dövrdə biz regionda geopolitik mübarizənin davam edəcəyini görəcəyik. Bu mübarizədə bizim qarşı tərəfimizdə Fransa və İrandan əlavə ABŞ-dakı bəzi güclər də olacaq. Hələlik Bayden hökumətinin bu məsələdə tutacağı mövqe barədə nəsə demək mümkün deyil. Burada həmçinin Almaniyanın mövqeyi də mühümdür. Yəni iki mühüm gücün – ABŞ və Berlinin mövqeyi hələlik aydın deyil”.

Mənbə: cia.az