Sosial şəbəkələrdə də Fransa mallarına qarşı ictimai kampaniya gedərək güclənir...

Sosial şəbəkələrdə də Fransa mallarına qarşı ictimai kampaniya gedərək güclənir...

Rəşad Həsənov: “Fransa mənşəli məhsullara boykot çağırışları indiki halda başadüşüləndir”

Fransa Senatının Fransa hökumətini qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağa çağıran məsləhət xarakterli qətnaməsi Azərbaycanda birmənalı qarşılanmayıb. Belə ki, ölkəmizin ərazi bütövlüyü ilə bağlı beynəlxalq hüquq normalarını, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobudcasına pozan Fransaya qarşı ölkəmizdə etirazlar davam edir.

Artıq sosial mediada da Fransa mallarına boykot çağırışları ilə bağlı kampaniyalar başladılıb.

Maraqlıdır, Fransa ilə münasibətlərin yenidən gözdən keçirilməsinin və bu ölkədən idxal olunan məhsullara boykot çağırışlarının Azərbaycan-Fransa iqtisadi əlaqələrinə, ümumilikdə, ölkə iqtisadiyyatına hansı təsirləri ola bilər?

“...Fransadan məhsulların idxalı müəyyən dövr üçün məhdudlaşa bilər”

İqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, Fransa Azərbaycanın əsas iqtisadi tərəfdaşları sırasında deyil. Fransadan Azərbaycana əsasən lüks kateqoriyalı məhsullar idxal olunur ki, buna əsasən ətriyyat, kosmetika və geyim məhsulları aiddir: “Azərbaycandan Fransaya isə müəyyən qədər enerji məhsulları və bir sıra qida sənayesi məhsulları ixrac olunur. Ümumiyyətlə, bu da çox limitli miqdarda olduğu üçün Fransa və Azərbaycan arasında iqtisadi əlaqələrin pozulması nə Fransa, nə də Azərbaycan üçün ciddi problem yaradır. Lakin ölkə ictimaiyyəti olaraq Fransanın Qarabağla bağlı həqiqətlərə reaksiyasına müəyyən qədər mövqenin ortaya qoyulmasına ehtiyac var və Fransa mənşəli məhsullara boykot çağırışları indiki halda başadüşüləndir. Düşünmürəm ki, uzunmüddətli dövrdə bu çağırışlar effekt verəcək. Lakin orta və qısamüddətli dövrdə müəyyən qədər fransız məhsullarının Azərbaycanda istehlakı azala bilər. O cümlədən, bu ölkə ilə əməkdaşlıq edən sahibkarlıq subyektləri prinsipial mövqe ortaya qoyarlarsa, Fransadan məhsulların idxalı müəyyən dövr üçün məhdudlaşa bilər. Dolayısı ilə bütün bu proseslərin sonunda qərar verən tərəf istehlakçı olacaq. Biznes əsasən istehlakı izləyir və vətəndaş olaraq mövqeyimizi daha adekvat ortaya qoyub, həmin məhsulları istehlak etməsək, idxalçılar buna uyğun olaraq, idxal bazarını dəyişə bilərlər”.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com