Fürsətdən maksimum istifadə edən “manatlıq taksilər”: “BNA-nın işdən çıxarılan əməkdaşının sözü təsdiqini tapır” - RƏY

Fürsətdən maksimum istifadə edən “manatlıq taksilər”: “BNA-nın işdən çıxarılan əməkdaşının sözü təsdiqini tapır” - RƏY

Məlumdur ki, pandemiya ilə bağlı ölkə ərazisində metronun fəaliyyəti dayandırılıb.

Hazırda sərnişinlərin çox hissəsi avtobuslardan və manatlıq taksilərdən istifadə edirlər.

Lakin müşahidəmizə əsasən deyə bilərik ki, taksilər əvvəl adambaşına 1 manata getdikləri yolu indi 2, bəzən isə 3 manata gedirlər.

Maraqlıdır, bu qiymət artımının əsas səbəbi nədir? Qiymət artımının qarşısını almaq üçün həmin istiqamətlər üzrə yeni maşrut taksiləri açıla bilərmi?

Yol-nəqliyyat eksperti Elməddin Muradlı Cebhe.info-ya açıqlamasında bildirib ki, yaranmış vəziyyətdən sui-istifadə edən taksi sürücüləri var:

 

“Onlar bilirlər ki, metro işləmir. Metronun da işləməməsi ictimai nəqliyyatın digər növü olan avtobuslarda sıxlığa gətirib çıxarır. İnsanlar məcburən manatlıq, ya da digər taksilərə müraciət edirlər. Beləliklə, sürücülərin bəziləri də bundan sui-istifadə edir. Əslində insanlıq nöqteyi-nəzərdən, lap iqtisadi nöqteyi nəzərdən də yanaşsaq, sürücülər 1 manat alanda da heç nə itirmirlər. Benzinin qiyməti, avtomobil bahalaşmayıb, yol məsafəsi uzanmayıb. Belə olan halda eyni yolu 1 ay, 5 ay, lap deyək ki, 1 il bundan qabaq 1 manata gedirdisə, indi hansı adla 2 manata gedirlər? Ən azından məbləği yolda qalan sərnişinə deyəndə utanıb, xəcalət hissi keçirirlərmi? Heç nə dəyişməyib, nə adla qiyməti qaldırırlar? Bu, o deməkdir ki, sürücülər göz-gözə baxaraq insanları soyurlar, vəziyyətdən istifadə edirlər”.

Ekspert qeyb edib ki, hamı bilir ki, taksilər insanları soyurlar:

“Sadəcə, heç kim heç nə demir. Ona görə deyə bilmirlər ki, istifadə edə biləcəkləri başqa nəqliyyat vasitələri yoxdur. İş orasıdır ki, bu taksilərə nəzarət mexanizmi də yoxdur.

Yadınızdadırmı, Bakı Nəqliyyat Agentliyinin (BNA) bir nümayəndəsi dedi ki, biz vahid qiymət sisteminə baxmaq istəyirik, minimum və maksimum taksi qiymətlərini müəyyənləşdirmək istəyirik. Hamı onu “topa tutdu” ki, onlar nə demək istəyir? Niyə qiymətə müdaxilə edirlər? İndi görürsünüz ki, o adamın sözü təsdiqini tapir. Bu məsələni də nəzarətdən kənarda saxlasaq, sona qədər belə də davam edəcək. Bizim taksi sistemi özbaşına buraxılıb. Nəqliyyat Nazirliyinin vaxtında qoçular döyürdü, asırdı, kəsirdi, camaatın zorla pulunu, sənədini oğurlayırdı. Amma bununla belə taksi sistemi düzəlmədi. Bu sahə qanuna, ipə-sapa yatmadı. İndi də Bakı Nəqliyyat Agentliyi və Dövlət Avtomobil Yolları həm pandemiya şəraitinə, həm də müharibə şəraitinə görə bir az sərbəstlik verib. Sürücülər də bu vəziyyətdən sui-istifadə edirlər. Mən başa düşürəm ki, bunu oxuyanlardan da kimsə deyəcək ki, bəzi məmurlar milyonları bir gecədə yeyir, amma siz 1 manat qiymət artırıb deyə sürücüləri qınayıb, üzə çıxarırsız. Amma bu belə deyil. Bax gör o 1 manatı kimin cibindən çıxarırsan, ayda 300 manata işləyən insanların cibindəki son qəpiyi almaq düzgün deyil. Əlbəttə ki, milyonları yeyənlərin də etdiyi korrupsiyadır”.

Ekspert qeyd edib ki, taksilərlə bağlı mütləq qiymət siyasəti müəyyənləşdirilməlidir:

“Ən aşağı-ən yuxarı hədd müəyyənləşdirilməlidir. Deyək ki, ən aşağı həddi qoymuşuq 50 qəpik, maksimum isə 1 manat. Bu zaman biri həmin məsafəni 55 qəpiyə, biri 70 qəpiyə, yəni kim necə istəsə o aralıqda da qoyacaq. Vətəndaş artıq taksi seçərkən də seçim şansı olur. Ekonom məlum məsələdir ki, ucuz başa gələcək, biznes isə bir az baha və müştəri də öz cibinə uyğun olanı seçəcəksən. Bu gün taksi şirkətləri də taksi sürücülərini istismar edir. Qazancın 70 %-i şirkətə, 30%-i sürücüyə çatır. Sifarişlə gələn taksilər isə bir-biriylə rəqabət apardığına görə daha ucuz qiymət təklif edir. Ona görə də, normal qiymət siyasəti olmalıdır. Türkiyə kimi böyük bir dövlət taksi sürücülərinin öhdəsindən gələ bilmir. Məsələn, İstanbulda 10 min taksi sürücüsü qanuni fəaliyyət göstərir, 20-25 mini isə qanunsuz. Yaponiyanı çıxmaq şərti ilə dünyanın heç bir yerində taksi sürücülərini ipə-sapa yatırmaq olmur. Bu sahəyə müəyyən şərtlər tətbiq etmək lazımdır. Demirik ki, o sahə işsiz qalsın, amma sui-istifadə də olmasın”.

Semra Ələkbərli
Cebhe.info

 

Mənbə: cebhe.info