Yenə evə qapanma? - "Bu istiqamətdə qərarlardan çəkinmək lazımdır"

Yenə evə qapanma? - "Bu istiqamətdə qərarlardan çəkinmək lazımdır"

Azərbaycanda koronavirusa yoluxma halları sürətlə artmaqdadır.

Hətta sayın rəsmən qeyd olunduğundan dəfələrlə yüksək olduğu barədə də məlumatlar dolaşır. Belə bir şəraitdə mübarizənin necə aparılması ilə bağlı müxtəlif təkliflər var.

Karantin tədbirlərinin sərtləşdirilməsi, iqtisadi sahələrin qapadılması da təkliflər arasındadır. Məlum olduğu kimi, sərt karantinin tətbiq edilməsi Azərbaycan iqtisadiyyatına ciddi zərbə vurdu, pandemiyanın iqtisadiyyata təsirləri hələ də davam edir.

Yenidən məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsi Azərbaycan iqtisadiyyatına hansı təsirləri göstərə bilər?

İqtisadçı Rəşad Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, pandemiya nəticəsində turizm sektorunda ümumdaxili məhsul istehsalı 55 faiz kiçilib:

 

“İndiki şərtlər daxilində Azərbaycan iqtisadiyyatı onsuz da ressesiyaya daxil olub. İqtisadiyyat 4, adambaşına ümümi daxili məhsul istehsalı 5, tikinti sektoru 6, iaşə sektoru 2 faizdən artıq kiçilib. Onsuz da bu proses gedir. Yenidən sosial izolyasiya, sərt karantin qaydalarının qəbul edilməsi iqtisadiyyatın ressesiyasını daha da dərinləşdirəcək”.

İqtisadçı hesab edir ki, proses daha soyuqqanlı formada idarə olunmalıdır:

“Vətəndaşlarımız və biznes yeni sanitar-gigiyenik normalara əməl etməyə çalışmalıdır. Bilməlidirlər ki, əməl edilmədiyi halda bu yoluxma hallarının artmasına gətirib çıxarır ki, bu da hökumətin daha sərt karantin qaydaları tətbiq etməsi zərurəti yaradır.

Ümumdünya Səhiyyə Təşkilatı da ölkələri məlumatlandıraraq, mümkün qədər iqtisadi aktivliyin azalmamasını tövsiyə etdi.

İqtisadiyyatın bloklanması məhsul istehsalına ciddi təsir göstərir, bu da zəncirin bütün halqalarında fasilələrə, həm qlobal, həm də lokal səviyyədə qida təhlükəsizliyi ilə bağlı problemlərə gətirib çıxarır.

Əhalinin gəlirlərinin aşağı düşməsi istehlak qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Bu orta uzun müddətli dövrdə iqtisadi inkişafa neqativ təsirləri daha da dərinləşdirməklə yanaşı pandemiya ilə prientiv mübarizə çərçivəsində sağlam və keyfiyyətli qidalanma, immun sisteminin yüksək səviyyədə saxlanılması kimi istiqamətlərdə mövcud potensialı əhəmiyyəti dərəcədə sarsıdır.

Ona görə də düşünürəm ki, hökumət iqtisadiyyatın tam olaraq məhdudlaşdırılması istiqamətində qərarlar qəbul etməkdən çəkinməlidir, nəzarət mexanizmlərini sərtləşdirməklə yoluxma ilə mübarizə tədbirlərininn effektivliyini artırmalıdır. Maarifləndirmə tədbirləri genişləndirilməlidir. Biznes, vətəndaş tövsiyələrə ciddi əməl etməlidir”.

Xatirə
Cebhe.info

 

Mənbə: cebhe.info