Ermənistan işğalaltı ərazilərimizdə ildə 150 min ton taxıl istehsal edirmiş - təcavüzkar ölkə aclıq keçirə bilər...

Ermənistan işğalaltı ərazilərimizdə ildə 150 min ton taxıl istehsal edirmiş  - təcavüzkar ölkə aclıq keçirə bilər...

Firdovsi Şahbazov: “Ermənilər ötən müddət ərzində bundan maksimum qanunsuz olaraq istifadə etdilər”

Ermənistanın keçmiş kənd təsərrüfatı naziri Artur Xaçaturyan bildirib ki, Qarabağ və ətrafında ərazi itkiləri nəticəsində Ermənistanda ərzaqla bağlı ciddi problemlər yaranacaq. O bununla bağlı diqqətçəkən statistik rəqəmlər səsləndirib.

Onun sözlərinə görə, bütün bunlar Ermənistanın ərzaq təhlükəsizliyinə ciddi təhdiddir. Xaçaturyan hesab edir ki, ilk təhlükə mümkün taxıl çatışmazlığıdır. Ermənistan hər il təxminən 200 min ton taxıl istehsal edir, halbuki, müharibə zamanı ermənilərin itirdikləri ərazilərdə 150 min ton taxıl istehsal olunurdu: “Biz 75 faiz taxıl itirdik. Ermənistan ildə təxminən 250 min tona yaxın taxıl idxal edir. Kəsiri xaricdən almaqla doldurmaq lazım gələcək. Dolların məzənnəsinin artmaqda davam edəcəyini nəzərə alaraq, çörək və onun qiyməti ilə bağlı problem yaranacaq. Çörəyin qiyməti artarsa, hər şeyin qiyməti artacaq. Ermənilərin itirdikləri ərazilərdə maldarlıq inkişaf etmişdi. Nəticədə böyük mal-qara itirilib. Bu, ət və süd qıtlığı deməkdir”.

Məlumat üçün qeyd edək ki, burada söhbət əsasən Aran Qarabağdan gedir. Yəni taxıl əsasən Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında əkilirdi. Həmin rayonların işğaldan azad edilməsi o deməkdir ki, gələn il Ermənistan ciddi taxıl problemi ilə üzləşəcək.

“Artıq Ermənistan bu imkandan məhrum olduğu üçün, bu ölkəni ciddi problemlər gözləyir”

Məsələyə münasibət bildirən iqtisadiyyat üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun sözlərinə görə, Ermənistanın bununla bağlı ciddi çətinliklərlə üzləşəcəyi qaçılmazdır: “Məsələ ondadır ki, 27 ildən çox müddətdə sözügedən rayonlar işğal altında idi. Ermənistan sözügedən rayonları talan edəndən sonra yaşayış məntəqələrinin çoxunu məhv etdi. Daha sonra ərazilərdə qanunsuz məskunlaşma siyasəti həyata keçirdi. Həmin rayonların təbii sərvətlərini vəhşicəsinə istismar etməyə başladılar. Zəngilan və Kəlbəcərin qızıl yataqlarını, Laçının meşələrini mənimsədilər. Ancaq işğal altında olan rayonlar ərazicə böyük olduğuna görə bundan ən çox kənd təsərrüfatı məqsədilə istifadə edirdilər. Çoxsaylı mal-qara saxlayırdılar. Çünki ucsuz-bucaqsız ərazilər mal-qara saxlamaq üçün geniş imkanlar yaradırdı. Ermənilər də ötən müddət ərzində bundan maksimum qanunsuz olaraq istifadə etdilər. Eyni zamanda, həmin ərazilərdə üzüm, taxıl məhsulları yetişdirməyə başladılar. Ermənistanın taxıla olan tələbatının ödənilməsində Aran Qarabağ mühüm rol oynayırdı. Prezident İlham Əliyev xalqa müraciətində sözügedən məsələyə toxundu. Qeyd etdi ki, işğal altında olan ərazilərdə on minlərlə hektar taxıl əkilib, xüsusilə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında. Ermənistan taxılın yarısını bizim torpaqlarımızdan götürürdü. Bu, torpaqlarımızın qanunsuz istismarıdır. Qarşı tərəf buna görə cavab verəcək və dəymiş ziyanı ödəyəcək”.

Ekspertin fikrincə, artıq Ermənistan bu imkandan məhrum olduğu üçün, bu ölkəni ciddi problemlər gözləyir.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com