Dövlət istiqrazının bir hissəsi satılmadı – DAHA ÇOX FAİZ İSTƏYİRLƏR

Maliyyə Nazirliyi dekabrın 1-də hərraca çıxardığı 2 illik dvlət istiqrazının yalnız bir hissəsini sata bilib.

FED.az xəbər verir ki, buna səbəb investorların daha yüksək gilir istəməsi, Maliyyə Nazirliyinin isə buna razılaşmamasıdır. İnvestorların əksəriyyəti maliyyə nazirliyinin təklif etdiyi 6,6% illik gəlirliklə razılaşmır və 8%-ə yaxın gəlir istəyiblər. Nəticədə Bakı Fond Birjasında hərraca çıxarılan istiqrazların cəmi 70%-i satılıb.

Birjanın məlumatına görə, dekabrın 1-də BFB-də Maliyyə Nazirliyinin AZ0105003856 ISIN-li, 10 mln. manat həcmində, 728 gün (2 illik) tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 9 investor tərəfindən qiyməti intervalı 97.9307 (7.9900%) və 100.4613 (6.600%) olan 12 sifariş təqdim edilib. Sifarişlərin ümumi həcmi 42 milyon 113 min manat, yəni hərraca çıxarılan istiqrazlardan 4 dəfə artıq olub.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000 (6.8500%), orta ölçülmüş qiyməti 100.3112 (6.6811%) müəyyən edilib. Nəticədə 10 milyonluq istiqrazdan yalnız 6 milyon 978 min manatlığı yerləşdirilib. İstiqrazların ödəmə tarixi 29 noyabr 2022-ci ildir.

Qeyd edək ki, son vaxtlar dövlət istiqrazlarının, xüsusilə də 2-3 illik kağızların yerləşdirilməsində belə hallar tez-tez baş verməyə başlayıb. İnvestorlarla Maliyyyə Nazirliyi arasında gəlirliklə bağlı baxışın fərqli olması nəticəsində istiqrazların bir hissəsi yerləşdirilmir.

2021-ci ildə Dövlət büdcəsində daxili borclanmanın həcminin artması gözlənildiyinə görə, artıq indidən bu məsələ ilə bağlı vahid mövqenin formalaşması vacibdir.

 

Fed.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya Kuril adalarına S-300 sistemi yerləşdirdi

SONRAKI XƏBƏR

Ermənilər Xankəndidə məktəb binasını minalayıbmış - Rusiya MN