Şimali Koreyada şəkərin qiyməti dörd dəfə bahalaşıb

Şimali Koreyada şəkərin qiyməti dörd dəfə bahalaşıb

KXDR-də koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Çinlə sərhədin bağlanması səbəbindən şəkərin və bəzi ərzaqların qiymətləri ötən ilin sonu ilə müqayisədə azı dörd dəfə bahalaşıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə KXDR sakinlərinin ərzaq aldıqları bazarlarda qiymətləri mütəmadi olaraq izləyən Cənubi Koreya kəşfiyyatı məlumat yayıb.

Məlumatda deyilir ki, şəkər kimi ölkəyə tamamilə Çindən idxal olunan bitki yağının qiyməti də kəskin bahalaşıb. Bəzi hallarda qiymətlərdə demək olar ki, 10 dəfə artım müşahidə edilir.

Qeyd edək ki, Şimali Koreya hakimiyyəti koronavirus infeksiyasından qorunmaq məqsədilə sərhədlərin bağlanması da daxil olmaqla, bir sıra fövqəladə tədbirlər həyata keçirib. Həmçinin "Yonhap" informasiya agentliyi bu səbəbdən Çinlə sərhədin bəzi hissələrinin minalandığı barədə xəbər yayıb.

Rəsmi məlumata əsasən, KXDR-də indiyə qədər koronavirus infeksiyasına yoluxma halı qeydə alınmayıb.

Mənbə: news.milli.az