Çin neft emalı sahəsində ABŞ-ı geridə qoydu: Bunun Rusiyaya faydası olacaqmı

Çin neft emalı sahəsində ABŞ-ı geridə qoydu: Bunun Rusiyaya faydası olacaqmı

Beynəlxalq Enerji Agentliyinin noyabr hesabatına əsasən, Çində gələn ilin sonunda iki yeni neft emalı zavodu fəaliyyətə başlayacaq. Ümumi emal gücü gündəlik 1,2 milyon barelə bərabər daha 4 zavodun tikilməsi də nəzərdə tutulub.

BAKI, 2 dekabr — Sputnik, İrina Badmayeva. Pekin benzin və dizel yanacağına gediş edərək neft emalı gücünü artırır. Gələn il Çin bu göstəricilərə görə ABŞ-ı ötəcək. Çox güman ki, amerikalılar ÜDM-də də çinliləri geridə qoyacaqlar. Lakin analitiklərin də qeyd etdiyi kimi, pandemiyanın ikinci dalğası buna mane ola bilər.

Lider dəyişikliyi

Çin Xalq Respublikasının (ÇXR) Dövlət Statistika Bürosunun məlumatına görə, oktyabr ayında ölkədə neft emalı 2,5 faiz artaraq tarixi rekord həddə – sutkalıq 14,09 milyon barelə çatıb. Halbuki ABŞ-da sentyabr ayında bu göstərici cəmi 13,5 milyon barelə bərabər olub.

Və çinlilər bununla da kifayətlənmək fikrində deyillər. Beynəlxalq Enerji Agentliyinin noyabr hesabatına əsasən, Çində gələn ilin sonunda iki yeni neft emalı zavodu fəaliyyətə başlayacaq. Halbuki bunun 2023-cü ildən tez baş verməyəcəyi gözlənilirdi. Ümumi emal gücü gündəlik 1,2 milyon barelə bərabər daha 4 zavodun tikilməsi də nəzərdə tutulub.

Çin artıq bir neçə on ildir ki, artan benzin və dizel yanacağı tələbatını ödəməyə cəhd göstərir. Deməli, göstərilən səylər boşa getməyib.

"2000-ci ildən bəri ölkə neft məhsulları istehsalını üç dəfə artırıb. 2025-ci ilə qədər neft emalı gündə 20 milyon barelə çatacaq", – deyə "TeleTrade" informasiya-analitika mərkəzinin baş iqtisadçısı Mark Qoyhman bildirib.

O, belə hesab edir ki, artıq 2021-ci ildən etibarən ABŞ keçən XIX əsrdən bəri bu sahədə qoruyub saxladığı liderliyini itirəcək.

Amerikada neft qiymətləri son bir ildə ən aşağı səviyyəyə düşüb. Məsələn, bu ilin mart ayının 18-də Brent markalı neft 15 faiz ucuzlaşaraq 2003-cü ildən bəri ilk dəfə bir bareli üçün 24,52 dollardan satılıb.

Dünyada yanacağa olan tələbat da aşağı düşüb. Bu səbəbdən də neft emalı rekord həddə – 1,7 milyon barelə kimi azalıb. Üstəlik, bunun böyük hissəsi Amerika neftayırma zavodlarının payına düşdü. Mark Qoyhmanın sözlərinə görə, həmin zavodlardan bəziləri bağlanır, yerdə qalanları isə hər il Meksika Körfəzi sahilləri boyunca baş verən qasırğalardan yararsız hala düşüb və onların bərpası böyük investisiya tələb edir.

Yaşıl enerji: kim udur, kim uduzur

"Alor Broker"in baş analitiki Aleksey Antonov belə hesab edir ki, Çinin uğur qazanmasının daha bir səbəbi bu ölkədə koronovirusa qarşı aparılan effektli mübarizədir. Onun sözlərinə görə, ÇXR-in iqtisadiyyatı bərpa olunur və sabitlik nümayiş etdirir, Avropa və ABŞ-da isə əksinə, geriləmə davam edir.

"Çinlilər yalnız neft emalı sahəsində deyil, həm də metallurgiyada liderlik edirlər. Birinci dərəcəli resursların həqiqi istehlak mərkəzi olan Çin indi daha yüksək əlavə dəyərli bir emal sənayesini inkişaf etdirir", – deyə Mark Qoyhman bildirir.

İqtisadçı qeyd edir ki, eyni tendensiyalar Hindistan və Orta Şərqdə də müşahidə olunur. Bu isə hətta Asiya bölgəsində, məsələn Sinqapurda belə Qərb şirkətlərinin bir sıra köhnəlmiş müəssisələrinin bağlanmasına gətirib çıxarır.

Bundan başqa, ABŞ və Avropa alternativ enerji mənbələrinin lehinə karbohidrogenlərdən tədricən imtina edir. Çinin isə belə sərt ekoloji öhdəlikləri yoxdur.

"ABŞ çirkli istehsal meydanı rolunu ÇXR-ə verərək yaşıl enerjiyə gediş edir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələr bərpa olunan enerji mənbələrinə keçidi geri qalan dövlətlərin hesabına maliyyələşdirəcək və onları "ekoloji vergilər" ödəməyə məcbur edəcək. Ağ Ev rəhbərliyində bu işlə yeni prezidentin dövründə iqlim məsələləri üzrə xüsusi müşavir kimi çalışacaq məşhur siyasətçi Con Kerri məşğul olacaq", – deyə "Hamilton" investisiya şirkətinin eksperti Anton Qrinşteyn bildirir.

Dünyanın ən iri neft-qaz istehsalçılarından olan Rusiyaya gəlincə, Mark Qoyhman bu fikirdədir ki, ölkə 15-20 il ərzində itirilmiş neft gəlirlərini əvəzləmək üçün xəzinəni doldurmağın digər mənbələri barədə ciddi düşünməlidir. O, belə hesab edir ki, qısa müddətdə Çində neft məhsulları istehlakının artması fonunda bu istiqamətdə xammal ixracına yönəlmək lazımdır.

Pandemiya: Asiya ssenarisi

Bununla belə, hər şeyin bir sonu olduğu kimi ənənəvi enerji mənbələri də tükənməyə doğru gedir. Çox güman ki, 2025-ci ilə qədər ÇXR-də istehsal gücünün artması tələbi üstələyəcək. Çinin CNPC neft və qaz korporasiyasına görə, beş il ərzində ölkədə gündəlik 1,4 milyon barel neft məhsulu artıqlığı yarana bilər.

"İndi, ABŞ ilə gərgin münasibətlər şəraitində Çin neftçiləri xarici ticarətdəki məhdudiyyətlərin geri qayıtmasını və beləliklə, dövlətin nüfuzunun yüksəldilməsini istəyirlər", – deyə Aleksey Antonov bildirir.

Buna görə də, qarşıdakı üç-beş il ərzində yalnız neft emalı sahəsində deyil, həm də əsas iqtisadi göstərici sayılan – ÜDM-in həcmi baxımından da dünyada lider dəyişikliyinin baş verəcəyini gözləmək olar.

"Pandemiyaya qədər Amerika iqtisadiyyatına çatmaq üçün Çinə heç beş il də lazım gəlmədi. İndi koronovirusla daha təsirli mübarizə sayəsində çinlilər bir az da irəli gedə bilər", – deyə Anton Qrinşteyn qeyd edir.

Digər tərəfdən, Amerika öz mövqeyini əldən verməyə hazırdırmı? Ekspertin sözlərinə görə, ABŞ hakimiyyəti bu problemi iqtisadi və diplomatik yolla həll etməyə çalışsa da, işə yaramayıb. Və indi biznesmen-prezidenti siyasətçi-prezident əvəz edir.

Bundan başqa, Çində neft emalı məhsullarına olan tələbin kəskin artması epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədardır. Ancaq Asiya qitəsində də pandemiyanın ikinci dalğasının baş verəcəyi istisna olunmur. İndoneziya, Yaponiya və Cənubi Koreyada artıq yoluxma hallarının yenidən artması qeydə alınıb. Bu isə ABŞ və Çin arasındakı güc nisbətini kökündən dəyişdirə bilər.

Mənbə: sputnik.az