Ermənistan dramı çökür – iqtisadçılardan SOS

Ermənistan dramı çökür – iqtisadçılardan SOS

“Hazırda Ermənistan Mərkəzi Bank dramın (ölkənin pul vahidi – red.) məzənnəsini saxlamaq üçün valyuta ehtiyatlarını satmaqla aktiv şəkildə dolların kursuna müdaxilə həyata keçirir. Bu, əslində dövlət səviyyəsində israfçılıqdır. Üstəlik, valyuta ehtiyatları sonsuz deyil”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın keçmiş əmək və sosial məsələlər nazirinin müavini, iqtisadçı Tadevos Avetisyan News.am-a müsahibəsində deyib.

Onun sözlərinə görə, belə tədbirlərin uzunmüddətli təsiri olmayacaq və dolların drama münasibətdə kursu qalxmaqda davam edəcək. “Ona görə ki, drama təsir edən mənfi amillər getdikcə güclənəcək. Söhbət davam edən iqtisadi tənəzzüldən, investisiyaların həcminin kiçilməsindən (xaricdən birbaşa sərmayələrin azalmasından), dövlət gəlirlərinin azalmasından, habelə spekulyasiyalardan, siyasi sabitliyin pozulmasından və neqativ gözləntilərdən gedir”, – deyə o qeyd edib.

Tadevos Avetisyan

Bundan əlavə, erməni iqtisadçı fiziki və hüquqi şəxslərin dramla yatırdıqları əmanətləri geri götürüb onları dollara dəyişdirməyə başlayacağını istisna eləmir: “Bütün bunlar ölkədə daha fəlakətli nəticələrə gətirə bilər. Mövcud hakimiyyət bu problemi həll etmək gücündə deyil, çünki o, yalnız dar partiya və şəxsi maraqlardan çıxış edir, verdiyi qərarlar vəziyyəti obyektiv qiymətləndimədən yox, populizmdən qaynaqlanır. Dramı məzənnəsinin necə dəyişməsi baş nazirin Mərkəzi Banka hansı əmri verməsi və dollar ehtiyatından asılıdır”.

Öz növbəsində digər iqtisadçı Qrant Mikaelyan portala açıqlamasında Ermənistan dramının kursunun necə olacağını proqnozlaşdırmağın çətin olduğunu söyləyib: “Mərkəzi Bankın siyasəti dramın məzənnəsinə cəkindirici təsir göstərir. Burası məlum. Dramın devalvasiyasının şübhəsiz həm obyektiv, həm də subyektiv səbəbləri var. Ermənistanda dollarlaşma 50-55 faiz civarındadır. Bu da məsələn, depozit hesabı şəklindədir və dramın məzənnəsi həm də bu göstəricidən asılıdır. Təlatümlər zamanı insanlar onları dəyişdirməyə başlayır. Subyektiv amillər halında dramın dəyərdən düşməsinin qarşısı Mərkəzi Bankın müdaxiləsi ilə alınır. Lakin əksər hallarda səbəblər obyektivdir. Düşünürəm ki, dram əhəmiyyətli şəkildə zəifləyəcək. Devalvasiya qaçılmazdır”.

Qrant Mikaelyan

İqtisadçıya görə, hər şey xarici ticarət balansından (idxalın artması dramın ucuzlaşmasına gətirib çıxaracaq), həmçinin digər iqtisadi göstəricilərdən, məsələn, inkişafı çətin ki, baş tutacaq turizm sahəsindən və Ermənistanda açıq şəkildə müşahidə olunan siyasi qeyri-sabitlikdən asılı olacaq.

Əlbəttə ki, dramı çöküşünü sürətləndirən əsas amillərdən biri Ermənistanda yaşanan ağır post-müharibə sindromu və bundan dolayı gələcəyə olan total inamsızlıq, ölkənin bütün sahələr üzrə faktiki, daha dərin böhrana girməsidir.

 

 

Mənbə: www.cumhuriyyet.net