İnflyasiya zamanı pulu necə qorumaq olar?

İnflyasiya zamanı pulu necə qorumaq olar?

İnflyasiya fonunda vətəndaşların ən çox maraqlandığı məsələlərdən biri də pullarının dəyərini necə qorumaqdır. Qiymət artımları və alıcılıq qabiliyyətinin zəifləməsi insanları yığımlarını daha təhlükəsiz və gəlirli maliyyə alətlərinə yönəltməyə sövq edir. Belə dövrlərdə depozit, valyuta, qızıl, daşınmaz əmlak və digər investisiya vasitələri daha çox diqqət mərkəzinə gəlir. Bununla yanaşı, vətəndaşların maliyyə qərarları verərkən riskləri düzgün qiymətləndirməsinin vacibliyi də vurğulanır.

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli inflyasiya iqtisadiyyatın daimi proseslərindən biridir:

“Demək olar ki, bütün ölkələrdə hər il müəyyən səviyyədə müşahidə olunur. Tarixi baxdıqda həm Azərbaycanın, həm də ABŞ kimi inkişaf etmiş ölkələrin iqtisadiyyatında inflyasiya hər zaman mövcud olub. Sadəcə, burada əsas məsələ onun səviyyəsidir. Məsələn, ABŞ-da inflyasiya adətən 2-3 faiz ətrafında dəyişir, Azərbaycanda isə bu rəqəm təxminən 5-6 faiz civarındadır. Ümumilikdə bu göstəricilər kəskin və təhlükəli sayılmır, idarəolunan səviyyə hesab olunur. Əsas məqam ondan ibarətdir ki, vəsait elə alətlərə yönləndirilməlidir ki, onların gəlirliliyi inflyasiyanı üstələsin. Hazırda bəzi bank depozitləri 10 faizdən yuxarı gəlir təklif edir”.

O deyib ki, investorlar üçün Amerika səhmləri və ya S&P 500 kimi indekslərə investisiya imkanları da mövcuddur:

“Ümumilikdə, 5-6 faizdən yüksək gəlirlilik təmin edən istənilən investisiya aləti, inflyasiyanı kompensasiya etməyə və kapitalın real dəyərini qorumağa imkan yarada bilər. Pulun dəyərini qorumaq üçün əsas məqsəd inflyasiyanı üstələyən gəlir əldə etməkdir. Bu baxımdan bank depozitləri, dövlət istiqrazları və sabit gəlirli maliyyə alətləri daha təhlükəsiz seçim sayılır”.

Ekspert qeyd edir ki, vətəndaşlar üçün əsas hədəf pulu tamamilə hərəkətsiz saxlamaq deyil, onun gəlirliliyini inflyasiya tempindən yuxarı qaldırmaqdır. Hazırda daxili bazarda bəzi bankların manat depozitləri üzrə 10 faizdən yuxarı illik gəlir təklif etməsi, inflyasiyanı üstələmək və kapitalı artırmaq üçün real imkanlar yaradır.

Beləliklə, inflyasiya şəraitində kapitalın dəyərsizləşməsinin qarşısını almaq üçün təşvişə düşmədən, savadlı maliyyə planlaması qurmaq və bazar trendlərini peşəkar iqtisadi süzgəcdən keçirmək mütləqdir.

Mənbə: demokrat.az