Rəqəmsal satışlar iqtisadiyyata nə qazandırır? - AÇIQLAMA

Rəqəmsal satışlar iqtisadiyyata nə qazandırır? -

Sosial şəbəkələr təkcə ünsiyyət vasitəsi deyil, həm də əsas ticarət platformalarından birinə çevrilib. Kiçik və orta bizneslərdən tutmuş fərdi satıcılara qədər bir çox subyekt məhsul və xidmətlərini bu kanallar vasitəsilə təqdim edir. Bu isə ənənəvi satış modellərinin dəyişməsinə və yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olur. Məhz bu baxımdan sual formalaşır ki, sosial şəbəkələr üzərindən satışın iqtisadiyyata təsiri necədir?

Bu barədə iqtisadçı İlqar Hüseynli bildirib ki, bunun həm yaxşı, həm də mənfi tərəfləri var:

"Yaxşı tərəfi odur ki, rəqəmsal bazarın inkişafına ciddi imkanlar yaradır və gənclərin məşğulluğu üçün mühüm stimul rolunu oynayır. Hazırda gənclər daha çox rəqəmsal satış və internet üzərindən ticarətlə məşğuldurlar. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafına müsbət təsir göstərir və iqtisadi inkişaf baxımından müəyyən töhfələr verir.

Mənfi tərəfləri isə vergi faktorları, vergidən yayınma halları və iri şirkətlərlə müqayisədə rəqabət mühitində balanssızlıqların yaranmasıdır. Bu da bəzi iri istehlakçı və sərmayəçilərin imkanlarının qismən zəifləməsinə təsir edə bilir.

Digər risk isə onlayn satışlarda istehlakçıların aldadılmasıdır. Fırıldaqçılıq halları nəticəsində alıcılar zərərə düşə bilirlər. Bu hallar daha çox turizm sektorunda müşahidə olunur. Bəzən saxta şirkətlər turizm xidmətləri təklif edir və nəticədə aviabiletlərin və ya xidmətlərin etibarsız olduğu üzə çıxır.

Ümumilikdə sosial şəbəkələr və onlayn satışların iqtisadiyyata həm müsbət, həm də mənfi təsirləri var və vergidən yayınma halları da bu mənfi tendensiyalar sırasında yer alır", - deyə o qeyd edib.

Yəni, sosial şəbəkələrdə satış etmək gənclərə iş yeri açır və kiçik biznesi böyüdür, amma bu işin mənfi tərəfləri də az deyil. Çoxu vergi ödəmədiyi üçün böyük şirkətlərə ziyan vurur, üstəlik onlayn aləmdə, xüsusən də turizm sahəsində saxta elanlarla insanları aldadan fırıldaqçılar çoxalıb.

Əfsanə Kamal

Mənbə: demokrat.az