Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonası daha cəlbedici olmalıdır

Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonası daha cəlbedici olmalıdır

Bakıda “Dayanıqlılıq və Enerji Transformasiyası” mövzusunda “Technovation” adlı tədbir keçirilir.

Tədbirdə innovasiya, enerji keçidi və iqtisadi inkişaf modelləri ətrafında müzakirələr aparılıb.

Tədbirdə Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov da çıxış edib.

O, çıxışında azad iqtisadi zonaların rəqabət qabiliyyətinin artırılmasının vacibliyini vurğulayıb və mövcud imtiyazların kifayət etmədiyini bildirib.

“Bu cəlbedicilik çox kiçik səviyyədədir. İndi vacib olan odur ki, biz istənilən azad iqtisadi zonadan daha cəlbedici olmalıyıq. Yalnız qonşu ölkələrdəki zonaları nəzərdə tutmuram, daha geniş coğrafiyanı nəzərdə tuturam. Əgər rəqabətli və güclü olmasaq, şirkətlər niyə bizim iqtisadi zonanı seçsinlər?” - deyə o qeyd edib.

Valeh Ələsgərov bildirib ki, Ələt Azad İqtisadi Zonası beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi strateji məkanda yerləşir:

“Biz azad iqtisadi zona üçün beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi yerdə məkan seçmişik. Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin kəsişdiyi ərazidə yerləşirik. Burada dəniz ticarət limanı var və biz investor və müştərilərə geniş logistika xidmətləri təqdim edə bilirik”.

O, yüklərin daşınmasının dəniz, avtomobil və dəmir yolu vasitəsilə mümkün olduğunu, texnoloji şirkətlər üçün isə kargo hava limanının mühüm əhəmiyyət daşıdığını qeyd edib.

“Bu istiqamətdə ‘Silk Way’ şirkəti ilə razılıq əldə etmişik və artıq ərazidə kargo terminalı fəaliyyət göstərir”, - deyə Valeh Ələsgərov əlavə edib.

Adəm Abbaslı

Mənbə: publika.az