ABŞ və İran arasında Hörmüz boğazının yenidən açılmasına dair razılaşma xəbəri qlobal enerji bazarlarında ciddi enişə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, nəticədə neft qiymətləri son üç aydan çox müddətin ən aşağı səviyyəsinə düşüb.
Qlobal etalon olan “Brent” markalı neftin qiyməti 4,9% azalaraq, bir barel üçün 83,05 dollar təşkil edib. ABŞ xam nefti (WTI) isə 5,4% ucuzlaşaraq 80,30 dollara düşüb. Son bir həftə ərzində hər iki göstəricidə təxminən 10 dollarlıq azalma qeydə alınıb.
Məlumata görə, ABŞ və İran Hörmüz boğazında hərbi gərginliyin azaldılması və dəniz ticarətinin bərpası barədə ilkin razılığa gəlib. ABŞ tərəfinin İran limanlarına tətbiq edilən blokadanı yumşaldacağı və boğazda nəqliyyatın yenidən sərbəstləşəcəyi bildirilir.
Analitiklər qiymətlərin düşməsini regionda risklərin azalması ilə izah etsələr də, bazarın tam sabitləşməsi üçün Yaxın Şərqdən neft axınının əvvəlki səviyyəyə qayıtmasının vacibliyini vurğulayırlar.
Eyni zamanda, qeyd olunur ki, hazırkı qiymətlər münaqişədən əvvəlki dövrlə müqayisədə hələ də daha yüksəkdir və enerji bazarında qeyri-müəyyənlik tam aradan qalxmayıb.
Mənbə: qafqazinfo.az