Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı aqrar sektorun gələcək inkişafı və modelləşdirilməsi üçün mühüm yol xəritəsidir.
Bu barədə Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
Nazir respublikada aqrar sahənin mövcud vəziyyəti, fermerlərə yönələn subsidiyalar, qarşıda duran hədəflər və rəqəmsallaşma istiqamətində atılan addımlar barədə aydınlıq gətirib. Bildirilib ki, əvvəlki illərdə subsidiyaların verilməsi məhdud sayda bitki növlərini əhatə edirdisə, artıq digər strateji məhsulların da stimullaşdırılması diqqət mərkəzindədir.
“Bitkiçilik sahəsində son illərdə bu istiqamətdə uğurlarımız olsa da, heyvandarlıq sahəsində təəssüf ki, Azərbaycanda olan intensiv təsərrüfatların artım sürəti yetərli deyil. Bu səbəbdən proqramda bu məsələ də nəzərə alınıb.
Ümumilikdə, resurs nöqteyi-nəzərdən proqramın 4 əsas sütun üzərində həyata keçirilməsi nəzərdə tutulur. İlk növbədə resurs səmərəliliyinə əsaslanan kənd təsərrüfatının formalaşdırılması, ikinci növbədə texnologiya və innovasiyaya əsaslanan aqrar modelin qurulmasıdır. Eyni zamanda kənd təsərrüfatında nəzərdə tutduğumuz əsas məqamlar resurs səmərəliliyi, texnologiya, innovasiya və bazarlara dəyər zənciri üzrə inteqrasiyadır”.
Lalə Novruz
Mənbə: www.bakupost.az