Qızıl qiymətlərində gözlənilməz dönüş - İqtisadçıdan proqnoz

Qızıl qiymətlərində gözlənilməz dönüş -

Son günlər qızıl bazarında qiymətlərin nəzərəçarpacaq dərəcədə azalması həm alıcıların, həm də investorların diqqətini cəlb edib. Bir müddət əvvəl qramı 200 manata yaxınlaşan qızılın qiymətinin 165 manata qədər enməsi bazarda yeni tendensiyaların formalaşdığına işarə edir. Qiymət dəyişikliyinin səbəbləri və bunun davamlı olub-olmayacağı isə maraq doğuran məsələlərdəndir.

İqtisadçı ekspert Xalid Kərimli məsələ ilə bağlı deyib ki, qızılın qiymətinin 200 manatdan 165 manata enməsi dünya bazarında baş verən proseslərlə bağlıdır:

“Çünki qızılın qiyməti yerli deyil, beynəlxalq bazarlarda formalaşır. Dünya əmtəə birjalarında qiymət aşağı düşdüyü üçün bu tendensiya Azərbaycanda da öz əksini tapıb. Lakin qeyd etmək lazımdır ki, son günlər qızılın qiymətində yenidən artım müşahidə olunur. Son bir neçə gündə qiymətlər təxminən 7 faizədək yüksəlib. Ona görə də söhbət daha çox əvvəlki dövrdə baş verən ucuzlaşmadan gedir. Qızılın qiymətinin azalmasının əsas səbəblərindən biri Hörmüz boğazı ətrafında yaranmış gərginliklə bağlı idi. İlk baxışdan bunun qızılla əlaqəsi görünməsə də, proses zəncirvari şəkildə təsir göstərirdi. Regionda gərginliyin artması neftin bahalaşmasına səbəb olurdu. Neftin qiymətinin yüksəlməsi isə qlobal inflyasiya gözləntilərini artırırdı. İnflyasiya risklərinin yüksəlməsi fonunda FED-in faiz dərəcələrini artıracağı ehtimalı güclənirdi. Faiz dərəcələrinin artması dolların möhkəmlənməsi və istiqraz kimi alternativ investisiya alətlərinin gəlirliliyinin yüksəlməsi deməkdir. Belə şəraitdə investorların bir hissəsi qızıldan uzaqlaşaraq digər maliyyə alətlərinə üstünlük verir. Nəticədə qızıla tələbat azalır və qiymətlərə aşağı istiqamətli təzyiq yaranır”.

O bildirib ki, məhz bu gözləntilər səbəbindən dünya bazarında qızıl alanların sayı azalmış və qiymətlər enib:

“Ancaq son günlər vəziyyət dəyişib. Hazırda qızılın qiyməti yenidən yüksəlir və birjalarda artım davam edir. ABŞ və İran arasında Hörmüz boğazı ilə bağlı gərginliyin azalacağına dair xəbərlər, eləcə də tərəflər arasında əldə olunan razılaşmalar bazarlarda yeni gözləntilər formalaşdırıb. Bu xəbərlərdən sonra neftin qiymətində enmə, qızılın qiymətində isə artım müşahidə olunmağa başlayıb. Mövcud gözləntilərə əsasən, yaxın dövrdə qızılın kəskin ucuzlaşacağı ehtimalı yüksək qiymətləndirilmir. Bununla belə, qızılın alınmasının sərfəli olub-olmaması məsələsinə birmənalı cavab vermək mümkün deyil. Çünki istənilən investisiya müəyyən risklər daşıyır. Sabah dünya iqtisadiyyatında baş verəcək hər hansı hadisə, inflyasiya göstəriciləri və ya ABŞ Federal Ehtiyat Sisteminin (FED) qərarları bazarlardakı vəziyyəti dəyişə bilər.

Ümumilikdə isə ilin əvvəlindən etibarən bazarlarda formalaşan proqnozlar qızılın qiymətində artım tendensiyasının davam edə biləcəyini göstərirdi və hazırda da bu gözlənti tamamilə aradan qalxmayıb”.

Leyla Turan

Mənbə: demokrat.az