Avtobuslarda gediş haqqı 1 manat olacaq?

Avtobuslarda gediş haqqı 1 manat olacaq?

İnflyasiyanın artması, yanacaq və xidmət xərclərinin bahalaşması fonunda ictimai nəqliyyatda gediş haqqının yenidən artırılması ehtimalı zaman-zaman gündəmə gəlir. Bu fonda bəzi ekspertlər mövcud tariflərin yenidən nəzərdən keçirilə biləcəyini istisna etməsələr də, Azərbaycanda ictimai nəqliyyatda qiymətlərin bazar mexanizmləri ilə deyil, dövlət tənzimlənməsi əsasında müəyyənləşdirildiyini vurğulayırlar.

Bəs hazırkı iqtisadi şəraitdə ilin sonuna qədər gediş haqqının 1 manata qaldırılması nə dərəcədə real görünür?
Mövzunu konkret.az-a şərh edən iqtisadçı Natiq Cəfərli Azərbaycanda ictimai nəqliyyatda gediş haqqının bazar iqtisadiyyatı prinsipləri əsasında formalaşmadığını və bu səbəbdən qiymət artımını iqtisadi göstəricilərlə birbaşa əlaqələndirməyin düzgün olmadığını bildirib.
Onun sözlərinə görə, inflyasiya, yanacaq qiymətləri və digər iqtisadi amillər nəqliyyat sektoruna müəyyən dolayı təsir göstərsə də, gediş haqqının müəyyənləşdirilməsində həlledici rol oynamır:
“İctimai nəqliyyatda gediş haqqı dövlət tərəfindən tənzimlənən qiymətlər sırasındadır. Tarif Şurası tərəfindən müəyyən olunur. İnflyasiya göstəricilərinin və ya yanacaq qiymətlərinin dəyişməsi avtomatik olaraq gediş haqqının artırılması anlamına gəlmir. Yəni bu sahədə bazar iqtisadiyyatının klassik qaydaları işləmir”.
İqtisadçı qeyd edib ki, qiymətlərin artırılıb-artırılmayacağı daha çox Tarif Şurasının və Nazirlər Kabinetinin qərarından asılıdır:
“Bu səbəbdən də gediş haqqının nə vaxt və hansı həddə dəyişəcəyini proqnozlaşdırmaq çətindir. İstəsələr, sabah da qiyməti artıra bilərlər. İstəsələr, bir il və ya daha uzun müddət ərzində heç bir dəyişiklik etməzlər. Burada əsas amil iqtisadi göstəricilərdən çox, dövlətin tənzimləmə siyasətidir”.
Natiq Cəfərli vurğulayıb ki, hazırkı şəraitdə gediş haqqının ilin sonuna qədər 1 manata yüksələcəyini qəti şəkildə söyləmək mümkün deyil və belə bir qərarın verilməsi yalnız aidiyyəti dövlət qurumlarının mövqeyindən asılı olacaq.

Mənbə: www.bakupost.az