Azərbaycanda demoqrafik göstəricilər müzakirə mövzusudur. Rəsmi statistika doğum hallarının azaldığını, ölüm göstəricilərinin isə nisbətən artdığını göstərir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-fevral aylarında ölkədə 14 min 797 uşaq doğulub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən doğum səviyyəsinin 9,7-dən 8,9-a enməsi deməkdir.
Həmin dövrdə 10 min 878 ölüm halı qeydə alınıb. Ölüm səviyyəsi hər min nəfərə görə 6,3-dən 6,6-ya yüksəlib. Beləliklə, doğulanların sayı vəfat edənlərin sayını üstələsə də, bu fərq əvvəlki illərlə müqayisədə azalıb.
Statistik göstəricilər ölüm hallarının əsasən yaşlı əhali arasında qeydə alındığını göstərir. Xüsusilə 60 yaşdan yuxarı şəxslər arasında ölüm halları daha çox müşahidə olunur.
Dövlət yeni doğulan uşaqlara görə ailələrə birdəfəlik sosial dəstək də göstərir.
Hazırda uşağın doğulmasına görə birdəfəlik müavinətin məbləği 600 manatdır.
Vətəndaşların vəfatı ilə bağlı da dövlət tərəfindən dəfn müavinəti verilir. Hazırda bu məbləğ bir sıra kateqoriyalar üzrə 600 manat təşkil edir. Əmək pensiyaçıları vəfat etdikdə isə dəfn müavinəti minimum əmək pensiyasının üç misli həcmində hesablanır.
Dövlət Sosial Müdafiə Fondu mütəmadi olaraq doğum və ölümlə bağlı vətəndaşlara ödənilən məbləği açıqlayır. Fondun məlumatına görə, bu ilin yanvar-mart aylarında 20032 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödənilib. Uşağın anadan olmasına görə ödənilən müavinət bəzi hallarda sənədləşmə ilə bağlı gecikdiyi üçün iki ay ərzində doğulan uşaqlara ödənilən konkret məbləği bilmək çətindir.
Yəni həmin aylar ərzində doğulan uşaq sayı ilə müavinət ödənilən uşaq sayında fərq yarana bilər.
Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir ki, bu il ölkədə hamiləlik və doğuma görə verilən müavinətlərin ümumi məbləği 71 milyon manat olacaq.
Həmçinin, dəfnlə bağlı da məsələdə də bir az fərqli yanaşma var. Çünki yuxarıda qeyd edildiyi kimi, dəfn müavinəti təqaüdçülərdə başqa, işləyən şəxslərdə başqa cür hesablanır.
Mənbə: bizim.media