XXI əsrdə qlobal iqtisadiyyatın əsas prioritetlərindən biri təhlükəsiz, sürətli və etibarlı nəqliyyat marşrutlarının yaradılmasıdır. Son illərdə dünyada baş verən geosiyasi gərginliklər, ticarət müharibələri və ənənəvi logistika xətlərində yaranan problemlər alternativ nəqliyyat dəhlizlərinin əhəmiyyətini daha da artırıb. Məhz belə bir şəraitdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – daha çox "Orta Dəhliz" kimi tanınan layihə Avropa ilə Asiyanı birləşdirən ən perspektivli iqtisadi arteriyalardan birinə çevrilir.
Bu da təsadüfi deyil. Çünki Orta Dəhliz üzərindən daşınan yüklərin artıq 30 yox, cəmi 15 günə mənzil başına çatdırılması nəzərdə tutulur.
Orta Dəhliz: beynəlxalq aləmin əsas seçimi
Orta Dəhlizə maraq da günü-gündən artır. Bunun bir səbəbi yolun qısa olmasıdırsa, digər səbəb təhlükəsizlik məsələsidir.
Hazırda istər şimaldan keçən, istərsə də cənubdakı dəniz nəqliyyatı dəhlizi təhlükəsizlik baxımından risklidir. Ukrayna-Rusiya müharibəsi və Yaxın Şərqdəki gərginlik beynəlxalq daşımalara ciddi təhdidlər yaradır. Ona görə də son zamanlar Avropa İttifaqı, Çin, Mərkəzi Asiya dövlətləri və Türkiyə Orta Dəhlizə xüsusi diqqət yetirirlər. Alternativ və təhlükəsiz logistika xətti kimi Orta Dəhliz beynəlxalq yükdaşımaların mühüm hissəsini öz üzərinə götürmək potensialına malikdir.
Məsələn, bir müddət əvvəl Azərbaycanda səfərdə olan Avropa Komissiyasının rəhbəri xanım Lyayen qlobal layihələr və onların Avropa üçün əhəmiyyətindən danışarkən Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb.
O bildirib ki, bu dəhliz malların Asiyadan Avropaya çatdırılmasını 30 gündən 15 günə qədər qısaltmağa imkan verəcək.
Daha bir maraqlı fakt isə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin son hesabatında yer alıb.
Hesabatda qeyd edilir ki, Çin Rusiya ərazisindən yan keçməklə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə Avropa ilə yük dövriyyəsinin həcmini artırmağı planlaşdırır.
Orta Dəhliz bütün region ölkələri üçün prioritetdir. Təsadüfi deyil ki, Özbəkistan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) ötürücülük imkanlarını genişləndirmək məqsədilə yeni strateji addım atmağa hazırlaşır.
Özbəkistanın nəqliyyat nazirinin müavini Jasurbek Çoriyev bu günlərdə qeyd edib ki, Orta Dəhlizin inkişafı üçün infrastrukturda mövcud olan "dar boğazların" (baxımsız və sıxlıq yaradan sahələrin) aradan qaldırılması mütləqdir.
Zəngəzur dəhlizi – Logistika imkanlarının artırılmasında yeni mərhələ
Orta Dəhlizin perspektiv inkişafı üçün Azərbaycan vergi və gömrük güzəştləri təklif edir, investisiyaların qorunmasına və güzəştli maliyyələşdirmə imkanlarına təminat verir. Eləcə də, Ələt Azad İqtisadi Zonasındakı yeni yük hava limanı və genişlənən dəniz limanı tranzit yüklər üçün əlavə imkanlar vəd edir.
Azərbaycanın Orta Dəhlizin uğurlu perspektivi üçün təklif edəcəyi ən böyük imkanlardan biri isə təbii ki, Zəngəzur dəhlizidir.
Bu dəhliz istifadəyə veriləndən sonra Şərqdən Qərbə və əks istiqamətdə yüklərin daşınma müddəti 2 həftəyə qədər qısala bilər ki, bu da qlobal iqtisadiyyat üçün böyük imkanlar deməkdir. Orta Dəhlizin yeni seqmenti olacaq Zəngəzur dəhlizi Azərbaycanın Avropa, Mərkəzi Asiya və Asiyanı birləşdirən logistika və tranzit mərkəzi kimi rolunu daha da gücləndirəcək.
Yeni ivestisiya və iş imkanları
Zəngəzur dəhlizinin reallaşması Azərbaycanla yanaşı Türkiyə və bütövlükdə region üçün mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Ankaranın dəhlizi dəstəkləyən yeni infrastruktur layihələri həyata keçirməsi də təsadüfi deyil. Xüsusilə, bu yaxınlarda İğdır şəhərində təməli qoyulan 224 kilometr uzunluğunda, illik 5,5 milyon sərnişin və 15 milyon ton yükdaşıma qabiliyyətinə malik olacaq Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttini qeyd edə bilərik.
Beynəlxalq ekspertlər bildirirlər ki, Orta Dəhlizin inkişafı üçün növbəti illərdə təxminən 28 milyard ABŞ dolları həcmində investisiyaya ehtiyac var və marşrutun iqtisadi dəhlizə çevrilməsi minlərlə yeni məşğulluq imkanı yaradacaq.
Müxtəlif iqtisadi qiymətləndirmələrə əsasən, birbaşa və dolayı təsirlərlə birlikdə uzunmüddətli perspektivdə Azərbaycanda təxminən 20–50 min yeni iş yerinin yaranması mümkün hesab edilir.
Ələt limanının cari vəziyyəti və gələcək hədəflər
Ümumiyyətlə, Azərbaycanın Orta Dəhlizlə bağlı böyük planları var. İyulun 13-də Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev ölkəmizin yük daşımaları üzrə imkanlarının artırılması məsələsini xüsusi vurğulayıb:
“Dəniz ticarət limanımız hazırda 15 milyon ton imkanı ilə Xəzərdə ən iri limandır və onun həcmi 25 milyon tonu təmin etmək üçün artırılacaq.
Hazırda biz Avropaya və geriyə yükləri daşımaq üçün öz gəmiqayırma zavodumuzda 10 gəmini tikirik. Mərkəzi Asiya ölkələri və Avropa Komissiyası ilə sıx münasibətlərimiz hər iki istiqamətin mərkəzində dayanır və bu, həqiqətən böyük üstünlük yaradır”.
Ələt Beynəlxalq Limanının imkanlarının genişlənməsi hesabına beynəlxalq yükdaşımanın həcmi günbəgün artır. Tək bir faktı deyək ki, bu ilin 6 ayında Liman üzərindən 1,2 milyon ton yük aşırılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 90 faizdən çoxdur. Bu ilin 6 ayında Liman üzərindən konteyner daşımaların həcmi 2025-ci ilin ilk yarısı ilə müqayisədə 15 faiz artıb. Hazırda Ələt Limanı ildə 15 milyon ton yük aşıra bilir ki, bu da Xəzər hövzəsindəki limanlar arasında ən yüksək göstəricidir.
Yaxın gələcəkdə Limanda konteyner aşırmalarının sayı 260 minə çatdırılacaq. İmkanların artması yeni iş yerlərinin, sahibkarlıq subyektlərinin yaranması deməkdir.
Yəni Orta Dəhlizin inkişafı təkcə geosiyasi və iqtisadi deyil, eyni zamanda sosial cəhətdən də strateji əhəmiyyət kəsb edir.
Yükötürmə qabiliyyətinin artırılması üçün nəzərdə tutulan layihələr
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən millət vəkili Vüqar Bayramov deyib ki, Azərbaycanı Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda bəyan etdiyi strateji istiqamətlərdən biri dəhlizlərin genişləndirilməsiylə bağlıdır:
“Cənəb Prezident həm Ələt limanının yükötürmə qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılacağını bəyan etdi, həm də BTQ dəmir yolunun yükdaşıma qabiliyyətinin 1 milyondan 5 milyon tona qədər artırıldığını bildirdi. Təsadüfi deyil ki, Ələt Orta Dəhlizin yükötürmə qabiliyyətinə təsir edən əsas limandır. Bu da yükötürmənin 25 milyon tona çatdırılmasının çox real olduğunu göstərir.
Açılışı gözlənilən Zəngəzur dəhlizi də 25 milyon ton yükün daşınması üçün əlavə imkanlar açacaq. Bu da təkcə Azərbaycanın yox, həm də Cənubi Qafqaz üzərindən daha çox yüklərin daşınmasına imkan verəcək. Bu da həm dövlət gəlirlərinin artırılması, həm də Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətlidir.
Bütövlükdə Azərbaycan Orta Dəhlizin inkişafına çox böyük töhfələr verir. Bu dəhlizin inkişafı həm Azərbaycan-Çin, həm də Azərbaycan-Qərb iqtisadi münasibətlərinin dərinləşməsinə yeni imkanlar açır”.
Göründüyü kimi, qlobal ticarətin yeni xəritəsinin formalaşdığı dövrdə Orta Dəhliz Azərbaycanın geoiqtisadi üstünlüklərini real iqtisadi gəlirə çevirən əsas platformalardan biridir.
İnfrastrukturun modernləşdirilməsi, regional əməkdaşlığın dərinləşdirilməsi və logistika sahəsində innovativ həllərin tətbiqi sayəsində bu dəhliz yaxın illərdə Avrasiya məkanının ən mühüm ticarət marşrutlarından birinə çevrilə bilər.
Bu isə ölkəmizin tranzit gəlirlərinin artması, logistika və nəqliyyat sektorunun inkişafı, minlərlə yeni iş yerinin yaradılması, qeyri-neft sektorunun genişlənməsi, xarici investisiyaların cəlb olunması, ixrac imkanlarının artırılması baxmından strateji əhəmiyyət daşıyır.
Mənbə: bizim.media