Azərbaycan Türkiyəyə qaz satışını artıra bilər

Azərbaycan Türkiyəyə qaz satışını artıra bilər

“Ötən il Türkiyə digər mənbələrdən aldığı təbii qazı azaltsa da, Azərbaycandan aldığı təbii qaz həcmini yüksək saxladı. 2021-ci ildə də bu tendensiyanın davam etməsi tamamilə BOTAŞ-ın qərarı və Türkiyədəki tələbdən asılıdır”.

Bu barədə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin Baş direktoru Saltuk Düzyol məlumat verib.

O bildirib ki, hazırda Azərbaycan qazı Türkiyədə ən aşağı qiymətlə təklif olunan qazdır, Türkiyə Azərbaycan qazını xüsusi tariflə əldə edir, buna görə də, ötən il nisbətən bahalı olan mənbələrdən qaz alışı azaldıldı və üstünlük Azərbaycan qazına verildi. Əgər, 2021-ci ildə qaza tələbat artarsa, Türkiyə digər mənbələrdən də qaz alışına davam edəcək.

Saltuk Düzyolun sözlərinə görə, yaxın müddətdə BOTAŞ-ın qaz alqı-satqısı ilə bağlı Azərbaycan və Rusiya ilə müqavilələrinin müddəti bitir:

“Bakı-Tbilisi-Ərzurum təbii qaz xətti də mövcuddur ki, BOTAŞ buradan 6,6 milyard kub metr qaz əldə edir. Təbii ki, bu müqavilənin yenilənməyə ehtiyacı var, çünki növbəti ildə onun müddəti bitəcək. Müqavilənin uzadılması və şərtləri isə Azərbaycanın Qaz Təchizatı Şirkəti ilə BOTAŞ arasında baş tutacaq görüş nəticəsində bəlli olacaq”.

O qeyd edib ki, Azərbaycan Rusiya Federasiyasından sonra Türkiyənin ikinci qaz tədarükçüsüdür:

“Türkiyənin Azərbaycanla TANAP-la birgə 12,2 milyard kub metr civarında təbii qaz alqı-satqı müqaviləsi var. Növbəti illərdə Türkiyənin Rusiyadan aldığı qazın miqdarı azalsa, Azərbaycandan alınacaq qazın miqdarı arta bilər və təbii ki, sabit də qala bilər. Bu, BOTAŞ-ın strategiyası ilə əlaqəlidir”.

Nigar Məmmədova

Mənbə: www.oxu.az