Manat ucuzlaşmayacaqsa, dollara tələb niyə artır - ekspert izahları Mərkəzi Bankın izahlarına qarşı...

Manat ucuzlaşmayacaqsa, dollara tələb niyə artır  - ekspert izahları Mərkəzi Bankın izahlarına qarşı...

Əkrəm Həsənov: “Son günlər nağd dollara tələbin artmasının heç bir obyektiv əsası yoxdur”

Son günlər dolların yenidən bahalaşacağı ilə bağlı məlumatlar yayılır. Mərkəzi Bank yanvar ayının 13-dən etibarən dolların manata olan məzənnəsinin 1.70 manat səviyyəsində müəyyən olunduğunu açıqlayır və bununla da baş verən narahatlıqlara heç bir ehtiyac olmadığını vurğulayır.

Mətbuata verilmiş açıqlamada deyilir ki, neft qiymətlərinin sabitləşməsi, həmçinin, Dövlət Neft Fondunun əhəmiyyətli məbləğdə transferləri manatın ucuzlaşmasına imkan verməyəcək. Buna təsir edən amillər sırasına sonuncu OPEC+ toplantısında neft hasilatı ilə bağlı müsbət qərarların qəbul olunmasını, həmçinin, COVID-19 virusuna qarşı vaksinasiya proqramlarının başlandığını da aid etmək olar.

Ancaq yenə də insanlar dolların qiymətinin hər an qalxa biləcəyindən ehtiyat edirlər. Hazırda bankların fərdi şəxslərə dollar verməməsi, dollarla mübadilə işlərinin aparılmaması və s. məsələlər insanların narahatlıqlarına əsas yaradır.

Maraqlıdır, manat üçün real təhlükə yoxdursa, dollara tələbat niyə artıb? Banklar niyə manatla dolları mübadilə etməkdən və s. çəkinirlər?

“...böyük ehtimalla, onlar "qara bazar"ı stimullaşdırmaq istəyirlər”

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, son günlər nağd dollara tələbin artmasının heç bir obyektiv əsası yoxdur: "Çünki hazırda dövriyyədə olan manat kütləsi azdır. Mərkəzi Bankın siyasəti dövriyyədə olan manat kütləsinin azaldılmasına və iqtisadiyyatın, kobud şəkildə desək, pulsuz qoyulmasına yönəlib. Məqsəd devalvasiya və inflyasiya ilə mübarizədir. Ancaq bunun nə dərəcədə doğru olub-olmaması başqa məsələdir. Yəni, hər bir halda, iqtisadiyyata pul lazımdır. Pulsuz iqtisadiyyat qansız bədən kimidir".

Həmsöhbətimiz onu da əlavə etdi ki, hazırda dövriyyədə manat az olduğu üçün dollara tələb elə də yüksək ola bilməz: "Burada daha çox psixoloji amillər var. Kimlərsə təlaş, ajiotaj yaradırlar ki, dollara tələbat olsun. Böyük ehtimalla, onlar "qara bazar"ı stimullaşdırmaq istəyirlər. Bəlkə də elə "qara bazar"ın sahibləri bunu edirlər ki, hamı bunlardan dollar alsın. Çünki ola bilərdi ki, ilin əvvəlinə bəzi banklarda dollar kifayət qədər olmasın. Dollar alanların tələbatı təmin ediləcəksə, problem olmayacaq və dediyim kimi, obyektiv olaraq belə bir məsələ də yoxdur".

İqtisadçı hesab edir ki, Mərkəzi Bank bu siyasətini davam etdirsə, manatın məzənnəsi sabit qalacaq: "Çünki dövriyyədə manat azdırsa, deməli, onun sabit qiyməti də saxlanacaq. Mərkəzi Bank manatın kütləsini azaldıb, banklara kifayət qədər kredit vermir. Buna görə banklar da iqtisadiyyatı kreditləşdirmirlər. Belə olanda da iqtisadiyyat pulsuzluqdan "boğulur" və iqtisadi aktivlik aşağı düşür. Bu zaman, təbii ki, manatın məzənnəsi sabit olacaq. Lakin bunun nə dərəcədə iqtisadiyyata xeyirli olması başqa məsələdir. Təəssüf ki, Mərkəzi Bankın son illərdəki siyasəti budur".

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com