Hələ bəzi sığorta şirkətlərinin vətəndaşları incidən iş praktikası olmasaydı - bir ildə azı 3 dəfə artım çox ciddi meyldir...

Akif Əliyev: “Daşınmaz əmlakın icbari sığortası məcburi olduğundan, insanlar əmlakını sığorta etdirmiş olurlar”

Gündəlik olaraq Bakıda və ya regionlarda kiminsə bu və ya digər səbəblərdən evinin, əmlakının qismən və ya tamamilə yanması ilə bağlı xoşagəlməz xəbərlər alırıq. Mülk sahibləri evlərinə dəymiş ziyanı dilə gətirsələr də, heç bir yerə müraciət edə bilmirlər. Çünki yaşayış mənzilləri və ya evlərini sığortalatmağa maraq göstərməyiblər və ya bu məsələyə ciddi yanaşmayıblar.

Son illər bu kimi halların artması artıq hər kəsi narahat etməyə başlayıb. Amma bununla bağlı artıq vəziyyət dəyişib. Belə ki, ötən illərlə müqayisədə yaşayış evləri və mənzillərin icbari sığortalanmasında artım müşahidə edilir. Qeyd etdiyimiz kimi, son zamanlar daşınmaz əmlakın sığortasına maraq artıb.

Təkcə ötən ilin 11 ayı ərzində 149 min ədəd bu sığorta növü üzrə müqavilə bağlanıb. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə azı 3 dəfə çoxdur. İndi vətəndaşlar əmlaklarını sığorta etdirməyə daha çox üstünlük verirlər.

Onu da qeyd edək ki, bəzi sığorta şirkətləri var ki, onlar vətəndaşları narazı salırlar.

“Sığorta şirkətlərinin fəaliyyəti nəticəsində yaranmış etimadsızlıq ucbatından insanlar sığortaya maraq göstərmirlər”

Sığorta eksperti Akif Əliyev bildirdi ki, daşınmaz əmlakın icbari sığortası məcburi olduğundan, insanlar əmlakını sığorta etdirmiş olurlar. Məlumdur ki, bu sığorta növündən yayınan vətəndaşlar barəsində İnzibati Xətalar Məcəlləsində cərimələr də nəzərdə tutulub.

Həmsöhbətimiz onu da əlavə etdi ki, əhali arasında maarifləndirmə işi aparılmalıdır: “Təəssüflər olsun ki, ölkəmizdə maarifləndirmə işi deyəndə yalnız mediada bir-iki çıxışla məsələni bitirirlər. Əslində isə belə olmamalıdır. Sığorta haqqında qanunvericiliyə görə, sığorta şirkətləri illik gəlirlərinin müəyyən qədərini sığorta ilə bağlı reklam işlərinə yönəltməlidirlər. Həmin reklamlar da elə çəkilməlidir ki, maarifləndirmə işini yerinə yetirə bilsin. Yəni sığorta şirkətləri özləri bu işdə maraqlı olmalıdırlar”.

Ekspert onu da vurğuladı ki, ölkəmizdə əhalini sığortaya cəlb etmək elə də asan deyil. Təbii ki, bu işdə sığorta şirkətlərinin də müəyyən mənada rolu var. Yəni sığorta şirkətlərinin fəaliyyəti nəticəsində yaranmış etimadsızlıq ucbatından insanlar sığortaya maraq göstərmirlər. Digər tərəfdən, əmlakın sığorta məsələsini elə formada təqdim etmək olardı ki, əhalinin özü buna maraq göstərsin.

Günel CƏLİLOVA

Bakixeber.com

ƏVVƏLKİ XƏBƏR

Ekoloji cəhətdən zərərsiz SP-3 (Şpindel) yuyucu mayesi

SONRAKI XƏBƏR

Mövlud Çavuşoğludan QARABAĞ AÇIQLAMASI