2020-ci ildə 12 milyard dollardan çox ziyana düşüb

2020-ci ildə 12 milyard dollardan çox ziyana düşüb

Amerikanın ən iri aviaşirkətlərindən biri olan "Delta Airlines" şirkəti özünün maliyyə vəziyyəti barədə hesabat dərc edib. Sənəddə göstərilir ki, şirkət 2020-ci ilin son üç ayında çox böyük məbləğdə itki ilə üzləşib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu şirkət ötən ilin dördüncü rübündə 755 milyon dollar, bütövlükdə 2020-ci ildə isə 12,4 milyard dollar itki verib. Bu, aviaşirkətin mövcud olduğu 100 illik tarixdə ən böyük illik ziyan deməkdir.

Ötən ilin dördüncü rübü üçün müvafiq rəqəmlər daha pis ola bilərdi, lakin bayram mövsümü ilə əlaqədar ABŞ-ın bütün ərazisində səyahətə çıxanların sayı və müvafiq olaraq uçuşların sayı artıb. Digər tərəfdən, bu səyahətlər koronavirusa yoluxanların sayının da artmasına şərait yaradıb.

Bununla belə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ötən ilin dördüncü rübündə uçuşların sayı 60 faizdən çox aşağı düşüb, çünki səfərlərlə bağlı məhdudiyyətlər və koronavirusa yoluxma qorxusu adamların çoxunu evdə qalmağa məcbur edib.

Ekspertlər gözləyirlər ki, növbəti üç ayda bu şirkətin üzləşəcəyi itkinin həcmi gündə 10-15 milyon dollar olacaq.

Mənbə: news.milli.az