Azərbaycanda özəl icra qurumları - HƏLƏ DƏ YARADILMAYIB

Azərbaycanda özəl icra qurumları - HƏLƏ DƏ YARADILMAYIB

Azərbaycanda özəl icra qurumları – məhkəmə qərarlarının icrasını həyata keçirməsi nəzərdə tutulan özəl təşkilatların fəaliyyətə başlaması 2020-ci ildə də baş tutmayıb.

FED.az xəbəır verir ki, bu işə məsul olan Ədliyyə Nazirliyi bəyan edib ki, bu sahədə hələ xarici təcrübə öyrənilir.

Nazirliyin bu mövzuda yeganə açıqlaması 2020-ci ilin nəticələrinə həsr olunmuş iclasda olub.

«İclasda məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılması, alternativ mexanizmlərin, o cümlədən özəl icranın tətbiqi ilə bağlı tədbirlərin davam etdirildiyi, bu sahədə xarici təcrübənin öyrənilməsi üçün beynəlxalq təşkilatlarla səmərəli əlaqələr qurulduğu bildirilib»-deyə bildirilir.

Xatırladaq ki, özəl icra qurumlarının yaradılması Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında nəzərdə tutulub.

Fərmana əsasən, özəl icra qurumlarının yaradılması məhkəmə qərarlarının icrasının sürətləndirilməsi, icra orqanlarının fəaliyyətində şəffaflığın artırılması, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınması üçün lazımdır.

Hazırda məhkəmə qərarlarının icra xidmətləri sahəsi dövlətin inhisarındadır. Və mütəxəssislərin fikrincə bu sahədə islahatların zəif sürətlə aparılması məhkəmə qərarlarının icrasına mane olur, bu sahədə şəffaflıq səviyyəsini aşağı salır və neqativ hallara yol açır.

Belə halların nəticələri özünü ən çox bank sektorunda göstərir. Məhkəmə qərarlarının gec icrası və bu sahədəki süründürməçiliklər bankların kreditləşmə sahəsində nəzərə aldığı əsas risklərdən biridir.

Fərmanın verilməsindəçn keçən vaxt ərzində Ədliyyə Nazirliyi bu sahədə işlərin aparıldığını və qabaqcıl xarici təcrübənin öyrənildiyini elan etsə də, indiyədək özəl icra xidməti yaradılmayıb, eləcə də bunun üçün tələblər və bu proseslə bağlı vaxt qrafiki açıqlanmayıb.

FED.az-ın fikrini öyrəndiyi mütəxəssislər bildirir ki, özəl icra qurumunun yaradılması bu sahədə alternativ xidmətlərin yaranmasına səbəb ola bilər ki, bu da dövlətin nəzarətində olan icra idarəsinə müraciətləri azalda bilər.

Mənbə: fed.az