Geyim biznesində yenilik: İndi brendlər müştərilərə - PUL ÖDƏYİRLƏR

Geyim biznesində yenilik: İndi brendlər müştərilərə - PUL ÖDƏYİRLƏR

Dünyanın dəb biznesində yeni trend yaranıb. Bəzi şirkətlər müştərilərin onların istehsal etdiyi geyimləri geyinmələrinə görə, müştərilərə pul ödəməyə başlayıblar.

FED.az xarici mətbuata istinadən xəbər verir ki, həmin şirkətlər ətraf mühitin qorunmasına belə üsulla dəstək verirlər.

Hər il dünyada 8 milyard nəfər üçün 100 milyard ədəd geyim istehsal edilir. Nəticədə havaya buraxılan karbon qazının 10%-i dəb sənayesinin payına düşür. Bundan başqa, geyimlərin istehsalı və sonrakı istifadəsi zamanı 93 milyard kubmetr su istifadə edilir, eləcə də okeana yarım milyon ton plastik material atılır.

Ətraf mühitə zərrəli təsiri azaltmaq üçün bəzi şirkətlər köhnə geyimlərin təkrar emalına üstünlük verməyə başlayıblar.

Bəzi şirkətlər isə əksinə, hazır və müştərilər tərəfindən alınmış geyimlərin təkrar geyinilməsinə görə, ödəniş etməyə hazırdırlar.

Bu ilin əvvəlindən «Aday» brendi 600 müştəri üçün pilot proqrama başlayıb. Şərtlərə görə, həmin müştərilər bu brenddən alınan paltarları təkrar geyinməyə görə 25-75 dollar qazanacaqlar. Məbləğ müştərinin həmin geyimi nə qədər geyinməsindən asılıdır.

«Aday» şirkəti bu məsələdə tək deyil.

«Wool & Prince» şirkəti ondan alınan geyimi 100 gün geyirnməyə görə, müştərilərə 100 dollar ödəyəcəyini elan edib.

«L’Estrange London» kişi geyimləri brendi isə elan edib ki, onun əsas kollekasiyasından olan 7 geyimi tez-tez geyinənlər bütün paltarın pulunu geri ala biləcəklər.

Tədqiqatlar göstərir ki, istehlakçıların əksəriyyəti aldıqları geyimləri atmazdan əvvəl cəmi 7 dəfə geyinib sonra atırlar. İstehlakçıların bu davranışı, geyim şirkətlərinin müştərilərə təlqin etdiyi, geyimi tez-tez dəyişmək adəti ilə bağlıdır. Çünki belə olanda həmin şirkətlər daha çox mal sata bilirlər.

 

«Aday» və «Wool & Prince» brendləri isə bu davranışı dəyişmək fikrindədirlər. Şirkətlərdə əmindirlər ki, bunun yollarından biri - elə geyim yaratmaqdır ki, onu həmişə geyinmək mümkün olsun.

Bunun nəticəsidir ki, hazırda geyim şirkətlərinin əksəriyyəti çox rəngli geyimlər buraxdığı halda, «Wool & Prince» daha neytral rəngli və möhkəm materiallardan hazırlanan geyimlər buraxmaq niyyətindədir.

«Aday» isə alıcıların geyimləri tez-tez dəyişməsi vərdişinin qarşısını almaq üçün onlar arasında sorğu keçirib. Sorğuda müştərilərdən soruşulub ki, geyimdə ən çox nəyi qiymətləndirirlər. Məlum olub ki, əksəriyyət səhər-səhər paltar seçiminə daha az vaxt ayırmaq istəyir.

«Aday» və «Wool & Prince» brendlərində geyimin orta qiyməti $150 təşkil edir. Bu – kütləvi bazar üçün yüksək qiymət olsa da, lüks brendlərə nisbətən xeyli ucuzdur. «Aday»ın təsisçisi və baş direktoru Nina Folxaber bildirir ki, şirkət geyimləri bundan aşağı qiymətə təklif edə bilmir, amma onun təklif etdiyi şərtlər alıcılar üçün daha sərfəlidir və geyim öz qiymətini doğruldur.

Məsələn, poliesterdən hazırlanmış sarafanı 28 dollara alıb 7 dəfə geyinəndə paltarı hər dəfə geyinmək 4 dollara başa gələcək. Qiyməti 150 dollar olan «Aday»ın geyimləri isə həftədə azı bir dəfə geyinmək şərtilə təqribən 5 illik istifadə üçün nəzərdə tutulur. Beləliklə geyimin hər dəfə istifadəsi alıcıya cəmi 0,52 dollara başa gəlir.

«Sürətli dəb» strategiyasını dəyişən brendlər bazarın böyük oyunçularının da diqqətini cəlb edib. Məsələn, «H&M» şirkəti «Aday»a 2 milyon dollar yatırıb.

Mənbə: fed.az