Azərbaycan təhlükələrdən necə sığortalanmalıdır? (ŞƏRH)

Azərbaycan təhlükələrdən necə sığortalanmalıdır?  (ŞƏRH)

"44 günlük Vətən Savaşında möhtəşəm hərbi qələbə qazandıq, bu qələbədə de-fakto və de-jure qurduğumuz ittifaqlar da çox önəmli rol oynadı. İndi həmin ittifaqlara "borcların” ödənilməsi zamanıdır – müxtəlif iqtisadi və siyasi maraqların məmləkətimiz tərəfindən təmin edilməsi məcburiyyəti yaranır".

Qaynarinfo xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli vətən müharibəsindən sonra Azərbaycan üçün yaranan siyasi və iqtisadi konyukturanı şərh edərkən bildirib.

Onun sözlərinə görə, iqtisadi sahədə ilk baxışdan məntiqsiz görünən xarici kontrktların şahidi daha çox olacağıq:

"Azərbaycan 1-ci Qarabağ savaşında torpaq itirdi, işğala məruz qaldı, müvəqqəti məğlub duruma düşdü. Rusiyanın bütün mümkün basqılarını 1-ci Qarabağ savaşında hiss etməyimizin, bütün mümkün itkilərin qiyməti olaraq neft-qaz strategiyasını, kəmərlərin marşrutunu özümüz seçməyə, Rusiyadan yan keçirməyə nail olduq. Böyük neft-qaz kontraktlarını Qərblə imzaladıq, 1-ci Qarabağ savaşında məğlub olmağımıza rəğmən daha müstəqil siyasət yürütməyə, iqtisadi cəhətdən asılılığımızı azaltmağa nail olduq.

Ermənistan isə tam əks yol tutdu – Rusiyanı arxasına alaraq torpaqlarımızı işğal etdi, müvəqqəti hərbi qələbə qazandı, amma müstəqilliyini tam itirərək Moskvanın vassalına çevrildi. Bütün iqtisadi fürsətlərini, dövlət əmlakını Kremlə bağışladı, sərhədlərini belə Rusiya qorumağa başladı, ərazisində Moskvanın böyük hərbi bazaların yaranmasına icazə verdi.

Azərbaycanın daxilində olan bütün xroniki problemlərə (korrupsiya, bərbad idarəetmə sistemi, enerji daşıyıcılarından asılı iqtisadiyyat, inhisarçılıq, azadlıqların məhdudiyyəti və s.) baxmayaraq daha müstəqil siyasət yeridən rəsmi Bakı bunun meyvələrini dərməyə, güclənməyə başladı. Təbii ki, neft qiymətlərinin 2004-2014-cü illərdə tarixi maksimumlarda olması, ölkəyə böyük neft pullarının gəlməsi müstəqil siyasət yürütməkdə önəmli rol oynayırdı.

 

Neft-qaz sahəsindən başqa ölkəyə xarici şirkətləri buraxmırdılar, tək Qərb yox, Rusiya şirkətlərinin də bazarda iştirakına sədd çəkildi, nəticədə, məsələn, faktiki olaraq torpaqları birbaşa Rusiya tərəfindən işğal edilmiş Gürcüstanda belə Rusiya kapitalı və şirkətləri Azərbaycandan qat-qat çox bazar payına malik oldu. Gürcüstanın bank-maliyyə, mobil rabitə sahəsində Rusiya şirkətlərinin ciddi bazar payı var, hətta Gürcüstanın fəxri olan "Borjomi” sularının əsl sahibi də Rusiya kapitalıdır.

 

Rusiyanı bazara buraxmamaq strateji xətt olduğu üçün Azərbaycanda real sektorda Türkiyə və Qərb şirkətlərinin də bazar payı çox az idi. Təbii ki, bunun başqa səbənləri də var idi: Real sektorda xarici kapitalın iştirak payının artması həm də daxili "oyun qaydalarının” sivilləşməsi demək olardı – bunu isə məmur kapitalı və məmur iqtisadiyyatı özlərinə təhlükə sayırdılar.

 

Hər halda 1-ci Qarabağ savaşında biz torpaq, Ermənistan isə müstəqilliyini itirdi. 2020-ci ildə 44 günlük Vətən Savaşında, 2-ci Qarabağ Müharibəsində möhtəşəm hərbi qələbə qazandıq, bu qələbədə de-fakto və de-jure qurduğumuz ittifaqlar da çox önəmli rol oynadı. İndi həmin ittifaqlara "borcların” ödənilməsi zamanıdır – müxtəlif iqtisadi və siyasi maraqların məmləkətimiz tərəfindən təmin edilməsi məcburiyyəti yaranır. Ona görə də müxtəlif, ilk baxışdan məntiqsiz görünən xarici kontrktların şahidi daha çox olacağıq".

Ekspert Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi üçün yaranacaq təhlükələrdən sığortalanmaq üçün təcili addımlar atılmasının vacib olduğunu deyir:

"Bağlanmış ittifaqlar çox vacibdir, önəmlidir, həyati əhamiyyətlidir, amma gələcəkdə Azərbaycana qarşı daha da çox artacaq mədəni və arada heç də sərfəli olmayan istək, arzu və basqıları sığortalamaq üçün ölkədə yeni siyasi situasiyaya ehtiyac var – bunun üçün mütləq yeni Konstitutsiyaya, yeni parlamentə, güclü, amma dövlətçilik anlayışı olan müxalifətə, işlək sivil toplum institutlarına acil ehtiyac yaranıb. Bu institutlar xaricdən gələcək təzyiqləri tənzimləməyə, sığortalmağa, bəzi qonşu ölkələrin daxildə yaratmağa cəhd edəcəkləri (buna cəhdlər mütləq olacaq) siyasi basqılara sinə gəlməyə imkan verəcək.

2-ci Qarabağ Savaşında qazanılmış böyük hərbi qələbənin siyasi, iqtisadi, sosial üstünlüyə, keyfiyyət dəyişikliyinə çevirmək artıq boynumuzun borcu, olmazsa-olmazdır..."

Mənbə: qaynarinfo.az