Həyəcan təbili ! - "Azərbaycan Cənubi Qafqazın avtomobil "metallomuna" çevrilir"

Həyəcan təbili ! - "Azərbaycan Cənubi Qafqazın avtomobil "metallomuna" çevrilir"

"Ölkəmiz orta hesabla iki ildən bir avtomobil gömrük rüsumlarını qaldırır. Bu gün elə avtomobillər var ki, onların alış qiymətindən çox onların bizdəki gömrük rüsumlarıdır. Bu səbəbdən avtomobil qiymətləri çox bahalaşır".

Bu sözləri "Şərq"ə açıqlamasında avtomobil eksperti Fərid Hüseynov deyib. Ekspert qeyd edb ki, orta statistik vətəndaş öz qazancı ilə belə baha avtomobil ala bilmir və məcburən köhnə avtomobillərə üz tutur:
 

"Bu avtomobillər adətən Avropa və Amerikadan gətirilmiş, çox vaxt öz ömrünü tamamlamış və gətirildiyi ölkədə artıq satışı qadağan olunmuş çox köhnə maşınlardır.

Bu maşınlar əvvəla ekoloji normalara cavab vermir, ətrafı və atmosferi inanılmaz sürətlə çirkləndirir. Hətta o qədər köhnədirlər ki, onlar mülki yollarda vətəndaşların sağlamlığına belə ciddi təhlükədir. Mütəxəssislər həyəcan təbili çalır ki, Azərbaycan Cənubi Qafqazın avtomobil "metallomuna" çevrilir və artıq çevrilib də.

Hökumət isə bu ciddi məsələni gözardı edir. Gələcəkdə bu metallomu necə təmizləyəcəyi ilə bağlı plan və proqramı da yoxdur. Həm ətraf mühit çirklənir, həm də köhnə avtomobillər təhlükəsizlik normalarına cavab vermir".

F.Hüseynov qeyd edb ki, qəzaların sayı artmaqla bərabər bu qəzalarda ciddi xəsarətlərin və ölüm faizi də çoxalmaqdadır:

"Mütəxəssislərin həyəcanının səbəbləri aydındır. İllərdir ki, onlar hökumətə müraciət edirlər ki, ilkin mərhələdə hibrid və elektrik avtomobillərə gömrük güzəştləri edilsin. İllərin müraciətlərindən sonra maraqlı məqam yarandı. Demək, elektromobillərə güzəşt tətbiq edildi, amma hibridlərə yox. Halbuki, hibridlər qiymət baxımından daha əlçatandır. Bütün sivil cəmiyyətlərdə əvvəl hibridlərə güzəştlər edilib, yəni onlar satılanda elektromobillər yox idi. Bizdə isə tərsinə və yarımçıq edildi. Elektormobil almaq üçün onsuz da ciddi maliyyə lazımdır. Güzəşt olsa da alıcılıq olmadı, artım yox kimidir. Biz də öz növbəmizdə prezentasiya hazırladıq. Burada İEÖ-lərdə, əsasən də elektrikləşmənin qabaqcılları olan Norveç, Niderland, Fransa kimi ölkələrin güzəştlərini vətəndaşa köməklərini izah etməyə çalışdıq".

F.Hüseynov əlavə edib ki, EM-lər alınması və artması üçün fərqli ölkələr fərqli təşviq paketləri tətbiq edir ki, ekoloji vəziyyət normallaşsın:

" Məsələn, Norveç EM alan vətəndaşa 4000 avro ödəniş edir, ƏDV, şirkət vergisi, alış vergisi tipli vergilərdən azad edir, ödənişsiz parkinq hüququ verir, avtobus xəttindən istifadə haqqı verir. Niderland bizneslər üçün isə EM alışı zamanı 5000 avro, taksilər üçün 10000 avro subsidiya verir, qeydiyyat və yol vergisindən azad edir. Fransa da bənzər subsidiyalar verir. Əhalinin yüksək qazanclı və əla yaşadığı Norveç kimi ölkə subsidiyalar verməklə vətəndaşlarını EM-lərə keçid etməyə təşviq edir. Nəticədə illərlə ayrılan subsidiyalar öz bəhrəsini verir və ölkədə EM-lərin bazar payı 40 faizə artıq yaxındır. Bizim də təklifimiz əvvəl gömrük rüsumu endirimi, sonra isə subsidiyaların verilməsi idi. Lakin çox təəssüf ki, bu yöndə müsbət nəticə ala bilmədik".

Mənbə: sherg.az