İkinci mərhələdə koronavirusa qarşı peyvənd kimlərə vurulacaq?

İkinci mərhələdə koronavirusa qarşı peyvənd kimlərə vurulacaq?

Azərbaycanda koronavirusa qarşı ilk olaraq 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən COVID-19-la mübarizə işçi qrupunun üzvü Günay Quluzadə deyib.

Onun sözlərinə görə, ikinci mərhələdə isə tibbi cəhətdən yüksək riskli olanlar-tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar, 50 yaşdan yuxarı olan və ən azı bir xroniki xəstəlikdən əziyyət çəkənlər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, "ASAN xidmət", "DOST" mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərin, poçt sahəsində, bank sektorunda birbaşa əhali ilə təmasda olan işçilər, yüksəkriskli şəraitli işlərdə çalışan şəxslər-cəmiyyətin fəaliyyəti üçün həyati vacib sahələrdə çalışan və əhəmiyyətli dərəcədə daha yüksəkriskli sahələrdə çalışan-milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s. sahələrində çalışanlar peyvəndlənəcəklər: "Peyvəndlər temperatur və zərbə kimi, ola biləcək kənar təsirlər hesablanaraq paketlənir. Bu səbəbdən peyvənd ampulaları istiliyə davamlı şüşələrdən seçilir. Peyvəndləri təhlükəsiz və soyuq şəraitdə saxlamaq lazımdır. Hər bir peyvəndin özünündə saxlanma şərtləri var. Bəzi COVID-19 peyvəndləri -20, bəziləri -70 dərəcə saxlanma şərtləri tələb edir".

G.Quluyeva deyib ki, Azərbaycanda tətbiq olunan “Sinovac” şirkətinin hazırladığı “CoronaVac” vaksinidir: "Bu vaksinin saxlama temperaturu sadədir, 2-8 dərəcə Selsidə 3 ilə qədər saxlamaq mümkündür. Vaksinin Türkiyədəki klinik sınaq nəticələrinə əsasən onun virusla mübarizədə 91,25 faiz effektiv olduğu müəyyən edilib. İnaktiv üsula görə hazırlanan bu peyvənddə yoluxucu xüsusiyyətini itirmiş virus bədənə verilir və bədənin xəstəlikdən immunitet qazanması hədəflənir. “Sinovac” vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanır. "Yüksək qoruyuculuq və uğurlu sınaq nəticələri var. Saxlanma şəraiti, çatdırılma və tətbiq şərtləri, “soyuq zəncir” sistemi tələbi əlverişlidir. Ölkəmizdə illər boyu mövcud olan infrastruktur imkan verir ki, bu vaksinləri ölkənin ən ucqar nöqtəsinə çatdırıb tətbiq edək".

Mənbə: az.trend.az