Azərbaycanda özəlləşdirmə və icarədən dövlət büdcəsinə ötən il 72 mln. manata yaxın vəsait daxil olub

Azərbaycanda özəlləşdirmə və icarədən dövlət büdcəsinə ötən il 72 mln. manata yaxın vəsait daxil olub

2020-ci ildə Azərbaycanda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 71,8 mln. manat vəsait daxil olub.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, il ərzində 47 hərrac keçirilib. Hərraclarda 5 səhmdar cəmiyyətinin səhm paketi, 24 kiçik dövlət müəssisəsi, 2 qeyri-yaşayış sahəsi, 3 yarımçıq tikili və 100 nəqliyyat vasitəsi özəlləşdirilib.

Ötən il hərraca çıxarılan dövlət əmlakı üzrə 53 elektron sifariş qəbul edilib, 5 dövlət əmlakı “Elektron hərrac” xidməti vasitəsilə özəlləşdirilib.

2020-ci il ərzində qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə 258 müqavilə bağlanıb, 320 icarə müqaviləsinin müddəti uzadılıb. Müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzrə isə ümumilikdə 160 icarə müqaviləsi bağlanıb, 4 icarə müqaviləsinin müddəti artırılıb. 2020-ci ildə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 61,5 mln. manat təşkil edib və illik proqnoz 99,2% icra olunub. Dövlət əmlakının icarəsindən isə büdcəyə 10,3 mln. manat ödənilib və illik proqnoza 128,8% əməl edilib.

Ümumilikdə, ötən il dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsindən dövlət büdcəsinə 71,8 mln. manat vəsait daxil olub və illik proqnoz 102,6% yerinə yetirilib. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 19 mart tarixli və Nazirlər Kabinetinin 2020-ci il 04 aprel tarixli Sərəncamlarına əsasən, dövlət əmlakına dair bağlanan icarə müqavilələri üzrə sahibkarlara 1.350 min manat həcmində güzəşt tətbiq olunub.

Mənbə: apa.az