Azərbaycanın neft sektoruna yatırılmış investisiyaların həcmi ötən il cüzi artıb

Azərbaycanın neft sektoruna yatırılmış investisiyaların həcmi ötən il cüzi artıb

2020-ci ildə Azərbaycanda əsas kapitala 17 028,1 mln. manat məbləğində, yaxud 2019-cu illə müqayisədə 8,3% az vəsait yönəldilib.

"APA-Economics"in Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən il neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 0,3% artıb, qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi isə 12,3% azalıb. İstifadə olunmuş vəsaitin 11 175,8 mln. manatı və ya 65,6%-i məhsul istehsalı sahələrinə, 4 485 mln. manatı (26,4%-i) xidmət sahələrinə, 1 367,3 mln. manatı (8%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11 911,1 mln. manatını və ya 69,9%-ni daxili vəsaitlər təşkil edib. Sərmayə qoyuluşunun 10 954,1 mln. manatı və ya 64,3%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 50,4%, büdcə vəsaitləri 27,6%, bank kreditləri 6,2%, əhalinin şəxsi vəsaitləri 5,7%, sair vəsaitlər 8,6%, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,5% təşkil edib.

Mənbə: apa.az