Mənzil bazarında “əlimyandı”, “təcili satılır” kələyi: Buna mütləq diqqət edin

Mənzil bazarında “əlimyandı”, “təcili satılır” kələyi: Buna mütləq diqqət edin

Daşınmaz əmlak bazarında son vaxtlar “əlimyandı”, “təcili satılır”, “bazar qiymətindən aşağı” kimi ifadələrin yer aldığı elanların sayı artıb. Bəzi mütəxəssislər hesab edir ki, bu cür elanlar alıcıda “fürsəti qaçırmaq qorxusu” yaradaraq, ona psixoloji təsir göstərmək məqsədi daşıyır. Bəs bu cür satış üsulu alıcını aldatmaq hesab oluna bilərmi?

Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadova bildirib ki, daşınmaz əmlak da digər istehlak məhsulları kimi bazarda satışa çıxarılan əmlak növüdür və onun reklamında müxtəlif ifadələrdən istifadə edilə bilər.
Ekspertin sözlərinə görə, “əlimyandı satılır”, “təcili satılır” və ya “bazar qiymətindən aşağı” kimi ifadələrin işlədilməsi özlüyündə qanun pozuntusu sayılmır.
“Daşınmaz əmlakın reklamında satıcı və ya broker tərəfindən müxtəlif ifadələrdən istifadə oluna bilər. Lakin bu ifadələr aldadıcı xarakter daşımamalıdır. Reklamda və ya elanda qəsdən yanlış məlumat verilirsə və alıcı aldadılırsa, bu artıq Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd hesab olunur və digər qanunlarla tənzimlənir”, – deyə o bildirib.
Elnur Azadov vətəndaşların daşınmaz əmlak alarkən diqqətli olmalarının vacibliyini də vurğulayıb.
Onun sözlərinə görə, alıcılar seçim etdikləri əmlakın texniki vəziyyətini və sənədlərini əvvəlcədən mütləq yoxlatdırmalıdırlar.
“Daşınmaz əmlak əməliyyatları zamanı istehlakçılara tövsiyə olunur ki, ilk növbədə əmlakın texniki vəziyyəti ilə tanış olmaq üçün müvafiq ekspert və mütəxəssislərə müraciət etsinlər. Bundan sonra isə sənədləşmə prosesinə xüsusi diqqət yetirsinlər. Bu, gələcəkdə yarana biləcək problemlərin qarşısını almağa kömək edəcək”, – deyə ekspert əlavə edib.
Vüsalə Hüseynova,
BakuPost

Mənbə: www.bakupost.az