Gömrükçülər növbəti dəfə Azərbaycanın başını uca etdilər - 3 faiz çox, büdcəyə 4 milyarda yaxın vəsait...

Gömrükçülər növbəti dəfə Azərbaycanın başını uca etdilər  - 3 faiz çox, büdcəyə 4 milyarda yaxın vəsait...

Rəsul Cahangirli: “Tranzit və bu kimi digər yükdaşımaların artması gömrük daxilolmalarının həcminə müsbət təsir edir”

Pandemiya ilə bağlı olaraq ötən il bir sıra ölkələrdə gömrük daxilolmaları xeyli azalıb. Ticarət əlaqələrinin zəifləməsi daşımaların azalmasına, bu da, öz növbəsində, bundan əldə olunan gəlirlərin düşməsinə səbəb olub. Bu səbəbdən bir sıra ölkələrdə gömrükdən gələn gəlirlər azalıb.

Ancaq maraqlıdır ki, dünya ölkələrində gömrük gəlirləri kəskin azaldığı halda, Azərbaycanda proqnozlaşdırıldığından artıq vəsait daxil olub. Belə ki, 2020-ci il üçün gömrük xətti ilə dövlət büdcəsinə proqnozdan 2,8 faiz çox, 3 milyard 938,2 milyon manat köçürülüb. İl ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 1 milyon 16 milyon 609 min manat, əlavə dəyər vergisi üzrə 2 milyard 741 milyon 485 min manat, aksizlər üzrə 143 milyon 510 min manat, yol vergisi üzrə isə 36 milyon 636 min manat təşkil edib.

“Azərbaycan Şərqlə Qərb arasında beynəlxalq nəqliyyat dəhlizi kimi çox mühüm mövqedə yerləşir”

Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirli bunu Azərbaycanın tranzit önəmi ilə əlaqələndirdi: “Əvvəla Azərbaycan bir sıra ölkələrdən fərqli olaraq, pandemiyanın yaratdığı fəsadlara ciddi məruz qalmayıb. Görülən bir sıra qabaqlayıcı tədbirlər, büdcədən pandemiya ilə əlaqədar sahibkarlara və digər sahələrə ayrılan vəsait iqtisadi fəallığın kəskin şəkildə düşməsinin qarşısını alıb. Bununla yanaşı, Azərbaycan çox önəmli bir coğrafi mövqedə yerləşir. Azərbaycan Şərqlə Qərb arasında beynəlxalq nəqliyyat dəhlizi kimi çox mühüm mövqedə yerləşir. Xüsusilə vacib tranzit rolunu oynayır. İllər əvvəl düşünülmüş bu siyasətin nəticəsində bu gün ölkəmiz həm kifayət qədər böyük gəlir qazanır, həm də beynəlxalq əməkdaşlıqda mühüm ölkələrdən birinə çevrilib. Tranzit və bu kimi digər yükdaşımaların artması gömrük daxilolmalarının həcminə müsbət təsir edir. Artım, əsasən, Orta Asiya, Türkiyə, Ukrayna tırlarının Azərbaycan üzərindən keçən dəhlizə üstünlük verməsi ilə əlaqədardır. Yük dövriyyəsi, əsasən, Qara dəniz sahili ölkələri ilə Orta Asiya ölkələri arasında aparılır. Konteynerlərin artımında Transxəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsində daşınmaların böyük rolu var”.

Ekspert hesab edir ki, pandemiyanın təsirləri azaldıqca, gəlirlər artacaq.

Mənbə: www.baki-xeber.com