İqtisadiyyat nazirindən maraqlı proqnoz - rayonlarımızın azad edilməsi iqtisadiyyatı 3,4 faiz inkişaf etdirəcək

İqtisadiyyat nazirindən maraqlı proqnoz - rayonlarımızın azad edilməsi iqtisadiyyatı 3,4 faiz inkişaf etdirəcək

Kamran Məmmədli: “Qarabağın işğaldan azad olunması Azərbaycan iqtisadiyyatının genişlənməsinə və diversifikasiyasına töhfə olacaq”

“Azərbaycanın vəzifəsi 2030-cu ilədək yeni 10 illik inkişaf planına uyğun olaraq, ölkənin ÜDM-ini ikiqat artırmaqdır. Bu isə orta illik iqtisadi artım tempinin 7 faizə bərabər olmasını tələb edir”. Bunu "Bloomberg"ə müsahibəsi zamanı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov qeyd edib ki, bu il Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulması üçün 2,2 milyard manat (1,3 milyard dollar) ayırılacaq: "Koronavirusun yayıldığı və Azərbaycanın daha əvvəl işğal altında olan əraziləri üzərində nəzarəti bərpa etdiyi şəraitdə Ermənistanla müharibə nəticəsində yaranan tənəzzüldən sonra bu il Azərbaycanda iqtisadi artımın bərpa olunacağı gözlənir. Qarabağın işğaldan azad edilməsi ilə bu il ölkədə 3,4 % iqtisadi inkişaf gözlənir”.

Mütəxəssislər də Azərbaycan iqtisadiyyatının cari və qarşıdakı illərdə inkişaf edəcəyini düşünürlər.

“...yeni iş yerlərinin yaradılması kimi müsbət təsirləri olacaq”

İqtisadçı Kamran Məmmədli qeyd etdi ki, bu gün də Azərbaycan iqtisadiyyatı inkişafa doğru irəliləyir: “Azərbaycan dövləti 44 günlük müharibədən sonra öz iqtisadiyyatını inkişaf etdirmək fikrindədir və bununla əlaqədar mühüm layihələr, proqramlar həyata keçirilməkdədir. Danılmaz faktdır ki, işğaldan azad olunan torpaqlarımız Azərbaycan iqtisadiyyatında xüsusi paya malikdir. Həmin bölgələrin azad edilməsinin ölkədə iqtisadi inkişaf, məşğulluğun təmini, yeni iş yerlərinin yaradılması kimi müsbət təsirləri olacaq”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Yuxarı Qarabağ iqtisadi rayonunun ərazisinə düşən rayon və şəhərlərimiz bərpadan sonra kifayət qədər iqtisadi potensiallı hesab olunur. Yuxarı Qarabağ iqtisadi rayonu Azərbaycanda iqtisadi inkişafa xüsusi töhfə verəcək. Çünki Qarabağın işğaldan azad olunması Azərbaycan iqtisadiyyatının genişlənməsinə və diversifikasiyasına töhfə olacaq.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com