Azad edilmiş ərazilərdə quruculuğun inşaat sektoruna təsiri

Tikinti materialları bahalaşmayacaq, kadr qıtlığı da gözlənilmir, amma... İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi məqsədilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu vəsait şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və sair) yaradılması məqsədilə istifadə ediləcək.
Quruculuq işlərinin başlamasının Bakıda tikinti sektoruna, əmək bazarına, inşaat materiallarının qiymətinə təsiri olacağı ilə bağlı fikirlər səsləndirilir. Bu təsir nə dərəcədə olacaq? Qeyd edilir ki, tikinti sektorunda işçi qüvvəsi işğaldan azad olunan ərazilərə cəlb olunanda, Bakıda işçi qüvvəsi cəhətdən çatışmazlıqlar da gözləniləndir. Bəs inşaat sahəsində xaricdən kadr cəlb edilməsinə ehtiyac ola bilərmi?

Millət vəkili Vüqar Bayramov deyir ki, işğaldan azad olunan torpaqlarda quruculuq işlərinin aparılması inşaat sektoruna böyük maliyyə yönəlməsinə səbəb olacaq: "İşğaldan azad olunan ərazilərimiz kifayət qədər böyükdür. Burada bərpa və yenidənqurma işləri mərhələli şəkildə həyata keçiriləcək. Həm büdcədən, həm büdcədənkənar fondlardan, o cümlədən beynəlxalq mənbələrdən vəsaitlərin cəlb edilməsi nəzərdə tutulub. Bu da daha çox vəsaitin inşaat sektoruna cəlb olunmasına imkan verəcək. Sözsüz, bu, ölkədə inşaat sektorunun dövriyyəsinin genişləndirilməsinə gətirib çıxaracaq”.
V.Bayramov bildirdi ki, ancaq bu quruculuq işlərinin hələ ki, ölkənin inşaat və əmlak sektorunda qiymətlərə elə də təsiri olmayacaq: "İlk növbədə inzibati və sosial binaların inşası həyata keçiriləcək. O baxımdan, bu prosesin, ilkin mərhələdə inşaat sektorunda qiymətlərə təsirinin olacağı gözlənilmir. Ölkənin əmlak bazarındakı qiymətlər deyəndə, paytaxt və iri şəhərlərin əmlak sektorundakı qiymət nəzərdə tutulur. Amma bərpa prosesində dövlətin birbaşa dəstəyini nəzərə alsaq, əmlak bazarına xüsusi təsiri olacağını gözlənilmir. Amma inşaat materiallarına tələb artacaq. Burda da nəzərə almalıyıq ki, işğaldan azad olunan ərazilərimiz inşaat materiallarının istehsalı baxımından xammal bazasına malikdir. Bu da yerli inşaat materiallarının genişlənməsinə gətirib çıxaracaq”.
Millər vəkili qeyd etdi ki, inşaat sektorunda kifayət qədər ixtisaslı kadrlar var və bu quruculuq işləri kadr cəhətdən problemə səbəb olmayacaq: "Son 20 il ərzində Azərbaycanda inşaat və tikinti sektorunda kifayət qədər ixtisaslaşmış şirkətlər formalaşıb. Həmin şirkətlərin böyük qismi yeni texnologiyalardan istifadə edirlər və yeni texnologiyanı istifadə edən mütəxəssislərə də sahibdirlər. Ona görə, kadr cəhətdən hər hansı problem olacağını düşünmürəm”.

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimli bildirdi ki, quruculuq işləri, ümumilikdə tikinti sektoruna əhəmiyyətli təsir edəcək: "Neftin qiymətinin düşməsi və pandemiya ilə əlaqədar olaraq ölkədə tikinti sektorunda aktivlik çox aşağı düşüb. Bu il işğaldan azad olunan torpaqlarda quruculuq işləri başlayanda, tikinti sektorunun fəallaşması onunla paralel digər sahələrdə də aktivliyə gətirib çıxaracaq. Məsələn, su xətti çəkmək üçün polietilen borular lazımdır. Bu borular Bakıda istehsal olunur. Deməli, həmin müəssisə işləyəcək. Enerji xətlərinin çəkilməsi məsələsini götürək. Naqillərə, elektrik xətlərinə, kabellərə böyük ehtiyac olacaq. Mingəçevirdə, Bakıda bu məhsullar istehsal olunur, deməli, həmin müəssisələr işləyəcək. Tikinti sektoru öz ardınca 30-dan artıq sahəni inkişaf etdirir”.
N.İbrahimli deyir ki, inşaat materiallarının qiymətinin artması da gözlənilmir: "Ora ayrılan vəsaitin böyük hissəsi büdcə vəsaitidir, ona görə, ora gedən inşaat materiallarının qiyməti xüsusi nəzarətdə olacaq. Bu səbəbdən, tikinti materiallarının qiymətinin artımına elə də təsiri olmayacaq. Ola bilər ki, müəyyən aylarda hansısa idxal məhsullarının qiymətində müəyyən qədər artım olsun. Amma yerli istehsal məhsullarında yox”.
N.İbrahimli qeyd etdi ki, bəzi sahələr üzrə xaricdən kadr cəlb edilməsinə ehtiyac ola bilər: "Yolların inşası, qeyri-yaşayış sahələrinin tikintisi, ərazinin abadlaşdırılması və s. işlər üzrə həm yerli, həm də xaricdən mütəxəssislər cəlb olunacaq. Təbii ki, ölkədə layihəçilər, mühəndislər, həm də fəhlə qüvvəsinə tələb yaranacaq. Amma mühəndislərlə bağlı bizdə müəyyən qədər çatışmazlıq ola bilər. Əsasən layihəçilər, memarlar, şəhərsalma istiqamətində işləyənlərlə bağlı xaricdən mütəxəssislər dəvət etməyə ehtiyac yarana bilər. İş icraçıları, fəhlələr cəhətdən xaricdən mütəxəssis cəlb olunmasına ehtiyac yoxdur, öz işçi qüvvəmiz kifayət edəcək. Son illər Azərbaycanın tikinti sektorunda çox böyük kadr potensialı yetişib. Və bunlar istənilən mürəkkəb tikintini icra etmək bacarığına sahibdirlər. Bu cəhətdən problem olmaz”.

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyir ki, inşaat sektoruna investisiya yatırımları Azərbaycanda makro-iqtisadi sabitliyin təmin olunmasına və daha da möhkəmlənməsinə gətirib çıxaracaq: "Böyük məbləğdə vəsaitlərin, pul axınlarının yenidən daşınmaz əmlak bazarına cəlb olunması, bu sahədə dinamikanı artıracaq. Həmin vəsaitlərin müəyyən qisminin yenidən daşınmaz əmlak bazarına qayıtması həm qiymət baxımından təsir göstərə bilər, həm də aktivliyin təmin olunması cəhətdən vacib şərtdir”.
R.Osmanlı qeyd etdi ki, işğaldan azad olunan ərazilərdə quruculuq işləri sürətləndiyində, Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin artımı qaçılmaz olacaq: "Bu artımların faizi, daha çox ayrılan vəsaitlərin əhatə etdiyi dövrdən asılı olacaq. Əgər həmin vəsaitlər qısamüddətli dövrdə bazara cəlb olunacaqsa, təbii ki, qiymət artımları da dinamik və intensiv şəkildə müşahidə olunacaq. Əgər proses bir qədər uzunmüddətli mərhələ üçün hesablanmış olarsa, onda qiymət artımlarının qismən sabit baş verməsi ehtimalı var. Hesab edirəm ki işlər qismən sürətli icra olunacaq. Bu mənada 2013-14-cü ildəki kimi dinamik qiymət dəyişmələri gözləniləndir”. Aygün

Kaspi.az

ƏVVƏLKİ XƏBƏR

Uşaq əməyi istismarının aradan qaldırılması ilinə start verilib

SONRAKI XƏBƏR

"S&P" Azərbaycanın kredit reytinqini təsdiqləyib, reytinq üzrə proqnozu yüksəldib