Neft Fondunun Avrasiya ölkələrinə investisiyaları azalıb

Neft Fondunun Avrasiya ölkələrinə investisiyaları azalıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Avropa və Asiya-Sakit Okean ölkələrinə investisiyaları azalıb.

Bu il yanvarın 1-nə ARDNF-in investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 29,26 faizi Avropa ölkələri təşkil edib. Ötən ilin əvvəlinə olan məlumata görə isə fondun coğrafi regionlar üzrə təsnifatında 33,8 faizi Avropa təşkil edirdi. Beləliklə də, il ərzində Neft Fondu Avropa ölkələrinə investisiyalarını 4,54 faiz azaldıb.
Müqayisə olunan dövrdə Dövlət Neft Fondunun Asiya-Sakit Okean ölkələrinə investisiyaları da azalıb. Belə ki, ötən ilin əvvəlində Neft Fondunun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında bu ölkələrə investisiyalarla bağlı göstərici ilin sonuna nisbətən 33,76 faizdən 23,48 faizə enib.

Bu müddətdə fondun Şimali Amerikaya investisiyaları üzrə göstərici 24,91 faizdən 24,96 faizə yüksəlib, Avstraliya-Yeni Zelandiya üzrə göstərici isə 2,04 faizdən 1,16 faizə düşüb.

Mənbə: vergiler.az