Xəttə əlavə avtobuslar buraxılacaq - VİDEO

Xəttə əlavə avtobuslar buraxılacaq - VİDEO

Yanvarın 25-i səhər saatlarından xəttə 10-15 faiz əlavə avtobusun buraxılması nəzərdə tutulub. Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. O, 50-yə yaxın ehtiyat avtobusun da müəyyənləşdiyini bildirib.

Avtobus sayının tənzimlənməsi, nəzarət tədbirlərinin gücləndirilməsi hələ problemin tam həll olunması demək deyil. İstənilən nəticəyə nail olmaq üçün fərdi avtomobil sürücülərinin üzərinə də məsuliyyət düşür.

Mais Ağayev fərdi avtomobil sürücülərini avtobus zolaqlarına girməkdən çəkinməyə çağırdı. Bu ictimai nəqliyyatın fasiləsiz hərəkətinə mane olmaqla yanaşı, həm də qanunu pozan avtomobil sürücüsünün 40 manat məbləğində cərimələnməsi deməkdir.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən fərdi avtomobillərlə rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunacaq.

Eyni zamanda bir sıra obyektlərin - bəzi ticarət obyektlərinin, bərbərxana və gözəllik salonlarının, muzey və sərgi zallarının, eyni zamanda məhkəmələrin fəaliyyəti bərpa olunacaq.

Mənbə: www.realtv.az