Co Bayden ölkəyə giriş şərtlərini sərtləşdirib

Co Bayden ölkəyə giriş şərtlərini sərtləşdirib

ABŞ Prezidenti vəzifəsində ilk iş həftəsində Co Baydenin imzaladığı sərəncamlar arasında Birləşmiş Ştatlara gəlməyə hazırlaşan bütün şəxslərdən uçuşdan əvvəl COVID-19 xəstəliyinə dair testdən keçmələri, ABŞ-a çatdıqda isə 10 günlük karantində olmalarının tələb olunduğu sərəncam da yer alıb.

Bu sərəncam yanvarın 26-dan qüvvəyə minəcək. Bayden vaksinləmə və testləşdirmənin miqyasının genişləndirilməsi, məktəb və müəssisələrin yenidən fəaliyyət göstərməsi barədə planları da bəyan edib.

Koronavirus pandemiyasına qarşı mübarizə üzrə yeni planlara aşağıdakılar aiddir: ölkəyə gələn hər kəs üçün testdən keçmək və məcburi karantin; ictimai nəqliyyatda, dövlətlərarası nəqliyyatda və turizm mərkəzlərində mütləq şəkildə maska taxılması; COVID-19 əleyhinə vaksinlərin apteklər vasitəsilə yayılması proqramının tətbiqi; Müdafiə sənayesi barədə Qanundan vaksinlərin və qoruyucu vasitələrin tədarükünün artırılması üçün istifadə; Fövqəladə hallar üzrə federal agentlik vasitəsilə ictimai vaksinləmə mərkəzlərinin yaradılması; Baydenin prezidentliyinin ilk 100 günü ərzində 100 milyon vaksinləmənin həyata keçirilməsi; məktəblərin, kolleclərin və uşaq müəssisələrinin təhlükəsiz şəkildə fəaliyyətlərini bərpa etmələri üzrə təlimatın işlənib hazırlanması; pandemiya barədə məlumat toplanması işinin yaxşılaşdırılması; işçilər üçün daha ciddi təhlükəsizlik qaydalarının təminatı; testləşdirilmənin artırılmasına nəzarət üzrə yeni təşkilatın yaradılması; yoluxmaların sayının daha yüksək səviyyəsinin müşahidə olunduğu icma azlıqlarına vəsaitin yönəldilməsi. (AZƏRTAC)

Mənbə: xezerxeber.az