Türkiyədə üç günlük "Evdə qal!" rejimini pozan 27 mindən çox şəxsə cərimə yazılıb

Türkiyədə üç günlük "Evdə qal!" rejimini pozan 27 mindən çox şəxsə cərimə yazılıb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində tətbiq olunan məhdudiyyətlərə uyğun olaraq yanvarın 22-də Ankara vaxtı ilə saat 21.00-da qüvvəyə minib 56 saat davam edən "Evdə qal!" rejimini pozduqlarına görə 27 min 839 nəfərə cərimə kəsilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hazırda Türkiyədə "Evdə qal!" rejimi iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21-dən başlanan rejim ertəsi gün 05.00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat, bazar ertəsi saat 05.00-a qədər qüvvədə olur.

Qeyd edək ki, Türkiyədə koronavirus infeksiyası ilə mübarizədə əsas ümidlər kütləvi peyvəndləməyədir. Çindən sifariş edilən 50 milyon doza "Sinovac" vaksininin 6.5 milyondan ibarət ikinci hissəsi yanvarın 25-də ölkəyə gətirilib. Ölkə üzrə peyvəndləmə sürətlə aparılır.

Mənbə: news.milli.az