Rusiya bu səbəbə görə Ermənistan üçün seçim etmək məcburiyyətindədir

Rusiya bu səbəbə görə Ermənistan üçün seçim etmək məcburiyyətindədir

Ermənistan iqtisadi və siyasi cəhətdən çökür. Son bir ildə davam edən COVID-19 onsuz da sürətlə borclanmaya gedən Ermənistanı daha da çıxılmaz vəziyyətə saldı. Üstəlik, 44 günlük müharibə Ermənistanı geri dönüşü olmayan bir uçuruma yuvarladı. Ermənistan Hərbi Sığorta Fondunun Himayəçilik Şurasının üzvü Mesrop Manukyan yanvarın 12-də bəyan etdi ki, “Ermənistanın Baş naziri Nikol Paşinyan son 4 ayda Ermənistana və erməni xalqına ən az 38,4 milyard dollar ziyan vurdu. Bunun 7 milyard dollarlıq hissəsi insan itkiləridir (buraya təxminən 4500 ölən və itkin düşmüş hərbçi, təxminən 5000 birinci qrup əlil, təxminən 6000 ikinci qrup əlil daxildir).

“Hayastan” Ümumerməni Fondu Azərbaycanın nəzarətinə keçən ərazilərə təxminən 150 milyon dollar sərmayə qoydu. Yalnız Şuşada 15 milyon dollar dəyərində proqramlar həyata keçirilib. Müdafiə sisteminə dəyən ziyan təqribən 2 milyard dollar, Sotk (Zod) mədəninin itkisindən gələn ziyan təqribən 8 milyard dollar, bank sistemindəki zərər 1 milyard dollar, infrastruktura dəyən ziyan təxminən 2 milyard dollar, Qarabağdakı itən su elektrik stansiyalarının dəyəri 600 dollar civarındadır”.

Baxmayaraq ki, Ermənistan hökuməti hələlik 44 günlük müharibənin iqtisadi zərərini açıqlamayıb. Bununla belə görünən dağa bələdçi lazım deyil. Artıq bəzi faktlar istər-istəməz etiraf edilir. Bu günlərdə Ermənistan Maliyyə Nazirliyi 2020-ci ilin hesabatını açıqlayıb. Hesabatda deyilir ki, 2020-ci ildə ölkə iqtisadiyyatı 7,5 % kiçilib. Eyni zamanda, ötən il iqtisadi aktivlik göstəricisi ötən illə müqayisədə 10,3% azalıb. Bu fonda Mərkəzi Bankın bütün müdaxilələrinə baxmayaraq milli valyuta 10% -dən çox dəyərdən düşdü.

Bundan əlavə, Ermənistanın ümumi dövlət borcu 31 dekabr 2020-ci il tarixinə 2019-cu ilin eyni göstəricisinə nisbətən 647,2 milyon dollar artaraq 7 milyard 968,5 milyon dollar təşkil edib. Eyni zamanda, dram ifadəsində milli borc il ərzində 652,3 milyard dram artaraq 2020-ci ilin sonunda 4 trilyon 164,3 milyard dram səviyyəsinə yüksəldi.

Bununla paralel 2020-ci ilin sonuna qədər respublika Mərkəzi Bankının dollar ifadəsində borcu 29,4 milyon dollar azalaraq 459,9 milyon dollar oldu. Eyni zamanda AMD ifadəsində 5,7 milyard dram artaraq 240,4 milyard dram oldu.

Hökumət borclarının strukturunda, 2020-ci ilin sonunda respublikanın xarici dövlət borcu 2019-cu ilin sonuna nisbətən 298 milyon dollar artaraq 5 milyard 593,2 milyon dollar təşkil edib. Ermənistanın 2020-ci ilin sonunda daxili borcu 378,6 milyon dollar artaraq 1 milyard 915,3 milyon dollar təşkil edib.

Eyni zamanda, əhalinin aldığı xarici valyuta qismindəki istiqrazlar 1 milyard 834,8 milyon dollara çatıb. Bu sahədə gəlir indeksi 80,6 milyon dollar təşkil edib. “Fitch Ratings” agentliyinin proqnozuna görə, Ermənistanın milli borcu 2019-cu ilin sonunda ÜDM-in 53,5 faizindən 2020-ci ilin sonunda 63,9 faizinə qədər artıb. Halbuki BVF-nin proqnozlarına görə, Ermənistanın milli borcu orta müddətdə ÜDM-in 60% -i keçmiyəcəkdi. Fondun ehtimallarına görə, yalnız 2021-ci ilin sonuna Ermənistanın dövlət borcu 70 faizə yaxınlaşacaqdı. Amma hadisələr daha sürətlə inkişaf etdi. Bu isə Ermənistan iqtisadiyyatının defolt vəziyyətə düşdüyünün əyani göstəricisidir.

Ümumilkdə, 2020-ci ildə Ermənistanın xarici ticarət dövriyyəsi – 12,4%, ixrac – 5,2%, idxal – 15,9% azaldı. İqtisadi vəziyyətin pisləşməsi dövlət büdcəsinə vergi gəlirlərinin azalmasına gətirib çıxardı. Və bu o deməkdir ki, dövlət 2021-ci il vətəndaşların əməkhaqqı və təqaüdlərini ödəmək üçün əlavə kredit yükünün altına girməli olacaq.

Ermənistanda uzun illər ərzində ilk dəfə büdcə balansı pozulub. Belə ki, bu il büdcə kəsirləri kapital qoyuluşunu üstələyib. Gələn il üçün büdcə kəsiri 342 milyard dram (dövlət büdcəsinin təxminən 18,5% -i, və yaxud, təxminən 700 milyon dollar) olması, kapital xərcləri isə 215 milyard dram (400 milyon dollardan çox) olacağı proqnozlaşdırılır. Ən başlıcası, 2020-ci ildə müharibədəki məğlubiyyət Ermənistanın beynəlxalq imicinə ciddi ziyan vurdu. Artıq beynəlxalq investorlar İrəvanla əməkdaşlıdan qaçırlar.

Ermənistandakı təhlükəsizlik riskləri, hökm sürən siyasi qeyri-müəyyənlik, iqtisadi vəziyyətin pisləşməsi və Ermənistandan kapital axını yeni fəlakətlərə səbəb olacaq. Böhranlı iqtisadi vəziyyətdə dövlət məcburən öz kapital qoyuluşlarını azaltmalıdır. Bu isə digər investorları ehtiyatlı olmağa sövq edəcək. Bu isə investisiya aclığını gücləndirəcək.

Beləcə, müharibədən ağır itkilərlə çıxan Ermənistanı 2021-ci ildə çətin iqtisadi problemlər gözləyir. Mütəxəssislərin fikrincə, siyasi qeyri-müəyyənlik və hiper ehtiyatlı davranışı kontekstində ölkə iqtisadiyyatı ciddi bir geriləməyə gedir. Milli valyuta bu risklərə devalvasiya ilə “cavab verir”. Növbəti ildə Ermənistan bu böhranın yaratdığı taktonik təkanların daha çox acısını hiss edəcək. Ermənistanın üzləşdiyi bu vəziyyət daha çox Moskvanı narahat edir. Çünki faktiki olaraq Ermənistan iqtisadiyyatını Rusiya şirkətləri idarə edir. Bu şirkətlər isə İrəvan hökumətinin perspektivsiz layihələrinə qoşulacağı inandırıcı görünmür. Ona görə də belə vəziyyətdə Rusiya özü üçün seçim etməlidir.

Mənbə: konkret.az