Dolların “qızıl dövrü” bitir?

Vasili Koltaşov: “2020-2023-ci illər dolların ucuzlaşma dövrü olacaq və ABŞ valyutasının beynəlxalq ticarətdən sıxışdırılmasına başlanılacaq”

Dolların növbəti bir “qızıl dövrü” bitir – Amerika valyutası yeni problemlərin uçurumuna qərq olur. Bu vəziyyətdə qənaət və investisiyalar üçün yeni alətlər axtarmağa başlamaq məqsədəuyğundur. Bu fikri AYNA-ya müsahibəsində, Rusiyanın Yeni Cəmiyyət İnstitutunun Siyasi İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Vasili Koltaşov səsləndirib. İqtisadçı dolların yaxın keçmişi, dünya ehtiyat valyutası ilə bağlı mövcud vəziyyət və perspektivləri barədə danışıb:

– İyirminci əsrin ikinci yarısında, dolların tarixində, ümumiyyətlə diqqətdən kənarda qalan iki taleyüklü vəziyyət yaşandı. Dollarla bağlı onun yalnız 90-cı illərdə sabit qaldığı, etibarlı və perspektivli olması barədə danışılır. Lakin, İkinci Dünya müharibəsindən sonra ABŞ-da başlayan və Yaponiya, İngiltərə və Qərbi Avropada devalvasiya müharibəsinə səbəb olan 1948-1954-cü illər böhranı yaşandı. Milli valyutaların ucuzlaşması, dollara əsaslanan beynəlxalq sistemin yaradılmasından sonra baş verdi. Bu şərtlər altında Amerika səlahiyyətliləri strateji bir qərar verməli idilər və onlar dolları zəiflətməməyə qərar verdilər. Bu qərarın dünya iqtisadiyyatının bu günə qədər inkişafı üçün ciddi nəticələri var. Sözügedən nəticələr Amerika bazarının böyük ölçüdə donor bazarına çevrilməsi idi, yəni. II Dünya müharibəsindən sonra güclü dolları saxlamaq qərarı verildikdə, müxtəlif ölkələrin daha zəif, dağılmış bazarlarını, iqtisadiyyatlarını stimullaşdırdılar və bu, ötən əsrin 70-ci illərə qədər belə davam edirdi. 1971-ci ildə ABŞ Prezidenti Riçard Nikson, dollarıın qızıla bağlılığını ayıraraq, devalvasiya qərarı vermək məcburiyyətində qaldı.

– İyirminci əsrin ikinci yarısındakı bu vəziyyət bu günə qədər bizim üçün əhəmiyyət kəsb edir?

– Bəli, bu situasiya göstərdi ki, dollar ucuzlaşa bilər və Amerika iqtisadi və maliyyə sistemində toplanan problemlər qaçılmaz olaraq Amerika valyutasının zəifləməsinə səbəb olur. Amerika bazarı hələ də Asiya ölkələrini və istehsalçılarını dəstəkləyən donor bazarı olaraq qalır. İstehsalı Amerika Birləşmiş Ştatları xaricinə köçürən Amerika şirkətlərini dəstəkləyir, lakin dollar üçün bu əsrdə yeni, çox vacib və ilk taleyüklü dönüş gəlir. Amerika valyutası zəifləyəcək. Onsuz da zəifləyir, nəticədə neft qiymətlərində artım müşahidə edirik. İndi neft qiymətlərində, əsasən Amerikadakı böhranın nəticəsi olaraq, yaranan inflyasiya artımının şahidi oluruq. Dünya iqtisadiyyatı 2020-ci ilin ikinci yarısında yenə də tədricən canlanmağa başlamasına və bunun dünya neft qiymətlərindəki artım amillərindən biri olmasına baxmayaraq, Amerika maliyyə sistemindəki problemlər, Amerika iqtisadiyyatı, Amerika iqtisadi böhranı, nəhayət, Amerika valyutasının zəifləməsi üçün ilkin şərtlər yaratdı. Üstəlik, Federal Ehtiyat Sistemi, əvvəlcə vəziyyəti başa düşmələri görüntüsü yaransa belə, 2019-cu ilin sonu və 2020-ci ilin əvvəlində Amerika dövlətinin maliyyə sisteminə gözlənilən enişi hamarlamaq üçün böyük vəsait daxil etməməyə çalışdı.

Ancaq göründüyü kimi, bu vəziyyəti anlamadılar və bu səbəbdən siyasətlərinin gecikmiş olduğu ortaya çıxdı. 2020-ci il boyu maliyyə sisteminə böyük miqarda pul kütləsi axıdıldığını müşahidə etdik – bu, həm Amerika hökumətinin builki defisitinin artımı, həm də sonsuz ödənişlərdir. Bayden Amerika vətəndaşlarına yeni ödənişlər vəd edir. Eyni zamanda, bu, 2020-ci ildə zəifləməkdən qorumağa çalışdıqları maliyyə sektoruna böyük dəstək idi. Bir vaxtlar elə bir vəziyyət yarandı ki, işsizliklə birgə fond birjaları da artdı – bu isə nonsensdir. Dünya iqtisadiyyatı tarixində belə bir hal yaşanmamışdı. ABŞ-da istehsalın yüksək maya dəyəri ilə əlaqəli olan və Baydenin dövründə də yaşanacaq bütün bu problemlər dollar üçün yeni şərtlər yaradır. Dollar mövqeyini itirəcək. Bu, xarici hökumətlərin təzyiqi altında beynəlxalq hesablaşmalarda baş verəcək və dollar bazar mənasında mövqeyini itirəcək, zəifləyəcək və bu, hazırda ən çox dollarla satılan neft, metal, taxıl və digər bir çox malların dünya qiymətlərində artımda ifadəsini tapacaq. Və bu vəziyyət dollar üçün bir növ hökm olacaq.

– Prezidentliyi dövründə Donald Tramp dəfələrlə Amerika istehsalını dəstəkləmək üçün zəif bir dollara sahib olmağın yaxşı olacağını söyləmişdi…

– Amerika iqtisadiyyatı üçün həqiqətən yaxşı olardı. Ancaq həqiqət budur ki, ABŞ dolların zəifliyini təmin edə bilmədi, çünki Amerika kapitalının müxtəlif qrupları arasındakı daxili ziddiyyətlər ortaya çıxırdı: sənaye kapitalı üçün faydalı olan, sərvəti dollarla ifadə edilən maliyyəçilər üçün əlverişsiz idi. Bir müddət sonra Amerika iqtisadiyyatının dəyərinin, qlobal miqyasda payının azalmasını və Amerika qiymətli kağızlarının dəyərinin digər ölkələrin kağızlarına nisbətdə qiymətinin ucuzlaşmasını müşahidə edəcəyik. Və bütün bunlar dolların zəifləməsi ilə bağlı olacaq. Dollar Trampın istədiyi kimi planlaşdırılan bir tədbirlə dəyərdən düşməyəcək, ancaq yavaş-yavaş zəifləyəcək ki, bu da ABŞ administrasiyasına dolları bir anda devalvasiya edərək, iqtisadi problemlərin həllinə nail olacaq yeni şərtlər yaratmağa imkan verməyəcək. Əksinə, problemlər qalacaq, eyni zamanda yeniləri yaranacaq, çünki devalvasiyanın əsas şərtləri – ABŞ-da istehsalın ucuzlaşmasına uzun müddət nail olunmayacaq. Bu, illər çəkə biləcək yavaş bir proses olacaq.

2008-ci ildən bəri Amerikanın böhran əleyhinə siyasətinin əsas ideyası – hər şeyi olduğu kimi saxlamaq istəyi olub. Bu istək maliyyə sistemini bütün sabun köpükləri ilə birgə böhrandan çıxarmağa yönəlmişdi. Hər şeyin olduğu kimi saxlanılması Baydenin də proqramıdır. Bu proqram ABŞ üçün olduqca cəsarətli olan və ideyası Benni Andersə məxsus sosial təşəbbüslərlə qatışdırılıb. Ancaq Andersin özünün Demokratlar Partiyasından prezidentliyə namizəd olmağa icazə vermədilər və bu addım, hər şeyi olduğu kimi saxlamaq fikrinin Skandinaviya sosializminin sosial islahatları fikrinə nisbətən daha dominant olmasını göstərir. Bu, o deməkdir ki, ABŞ maliyyəçilərin nəzarəti altında qalacaq və köhnə kurs davam edəcək – bu, görünür, radikal devalvasiyanı ehtiva etməyən, bir qədər Obama kursuna bənzər bir kurs olacaq. Söhbət iqtisadiyyata iri pul axınlarından gedir. Hər halda, ABŞ bu böhrandan əvvəlkindən daha zəif vəziyyətdə çıxır ki, bu da iqtisadiyyatın açıq şəkildə xəstə olmasının göstəricisidir.

– Bu, dollarla bağlı qərar vermək lazım olduğunu göstərirmi?

– Əlbəttə, bu qərarı həm investorlar, həm də əmanətlərini dollarla saxlayan insanlar verməlidir. Onlar üçün izah etdiyim hər şey vacib bir faktordur, çünki strategiyanı bundan çıxış edərək qura bilərsən. Əksər investorlar və dollarla qənaət edən insanlar çevik deyillər, çünki bazarlardakı ən kiçik dəyişiklikləri izləməyə vaxtları olmur. Bu səbəbdən uzunmüddətli “hamar” bazar vəziyyəti onlar üçün çox vacibdir.

– Adi insan və ya investor nə etməlidir?

– Düşünürəm ki, ABŞ dolları aktivləri zonasında varlığını azaltmaq, dollardan çıxmaq və dollarla ehtiyat saxlamamaq lazımdır. Dünya qızıl qiymətlərindəki bahalaşma, bitkoinin spekulyativ bahalaşması – bunların hamısı bizə Amerika valyutasının növbəti “qızıl dövrü”nün bitdiyini və xüsusi problemlər dövrünün başladığını göstərən siqnallardır və bu vəziyyətdə yeni alətlər axtarmaq daha məqsədəuyğundur. Dolların qlobal dünya sisteminin köhnə mərkəzindəki başqa bir ölkənin ehtiyat valyutası ilə – ingilis funtu və ya avro ilə əvəz etməyin mümkünlüyünə inanmıram. Bu valyutaları kədərli bir tale gözləyir, çünki hamısı dolların hərəkətini təkrarlayacaq. Və bu mənada dolların zəifləməsi digər valyutaların zəifləməsinə gətirib çıxaracaq, çünki bütün Qərb ölkələrində eyni bir problem var – istehsalın yüksək dəyəri və çox yüksək xərclər. Yüksək xərclər yalnız işçi qüvvəsinin qiyməti ilə əlaqəli deyil, demək olar ki, hər şeyə aiddir – daşınmaz əmlakın dəyəri, nəqliyyat xərcləri, kirayə haqqı, xidmət müqavilələrinin qiyməti. Hər şey çox bahalıdır. Və bu, böyük ölçüdə qlobal sistemdə valyutaların həddindən artıq qiymətləndirilməsindən yaranan balanssızlığın nəticəsidir. Və dəyərindən artıq qiymətləndirilən bir şeylə ehtiyat yaratmaq və saxlamaq, mənim fikrimcə, yanlışdır.

Layiqincə qiymətləndirilməyən bir şeyə doğru getmək lazımdır. Və bu mənada nə qədər depressiv görünsə belə, Avrasiya iqtisadiyyatında həll yolları axtarmalı və hansı qərarların verilməli olduğuna baxmalıyıq. Avrasiya məkanında ən sadə və perspektivli investisiya daşınmaz əmlakdır. Bakıda, Rusiyanın bölgələrində daşınmaz əmlaka pul qoymaq olar, amma həddindən artıq qiymətləndirilən Moskvada yox. Orada daşınmaz əmlaka tələbat və qiymətlər də artacaq. Azərbaycan haqqında danışırıqsa, torpaq sahələrinə qoyulan investisiyalar burada çox ümidverici ola bilər – hökumətin infrastruktur layihələri ərazilərin dəyərini artıracaq. Azərbaycanda torpaq bahalaşacaq.

– 2025-ci ilədək orta müddətdə Amerika valyutası nə qədər düşəcək?

– Dolların nə qədər düşəcəyini söyləmək çox çətindir, çünki onun əlaqələndirdiyi valyutalar da, böyük ehtimalla, mövqelərini itirəcək. Burada bizim üçün model keçən əsrin 70-ci illərindəki vəziyyətdir – Amerika dolları tarixində çox şey öyrədən ikinci vəziyyət. ABŞ valyutası zəiflədikdə, məzənnə dəyişikliyi başladı. Dolların Avropa valyutalarına qarşı o qədər də güclü olmadığı, Avropa mallarının bahalaşdığı ortaya çıxdı, bu, yolverilməzdir. Avropa valyutaları da enməyə başladı. Yəni, digər dünya valyutalarının zəifləməsi ilə dolların zəifləməsi eyni vaxtda getdi. Və nəticədə nisbətlərin dolların lehinə olduğu ortaya çıxdı. Ancaq, fikrimcə, indi belə bir vəziyyətin yenidən baş vermə ehtimalı yoxdur və başa düşməliyik ki, inkişaf etməkdə olan ölkələr hesab edilən bir sıra ölkələrin valyutaları 2013-cü ildən 2016-cı ilə qədər dəyərdən çox düşdü. Və onları dollara qarşı daha da zəiflətmək siyasi səbəblərə görə çox təhlükəli ola bilər – insanlar sadəcə belə maaşlarla və bu cür gəlirlərlə yaşaya bilməyəcəklər. Bu, dəhşətli nəticələrə səbəb ola bilər.

Dollar yenə də zəifləyəcək, lakin rezerv valyutanın nə qədər düşəcəyini söyləmək çox çətindir. Bunu nə ilə ölçək – neftlə, qızılla? Ancaq qızıl bazarından danışsaq, ortada güclü bir spekulyativ amil ola bilər. Dolların nə qədər zəifləyəcəyini, bu zəifləmənin mexanizmlərinin nə zaman, necə, tam olaraq nə olacağını söyləməkdə çətinlik çəkirəm. Hesab edirəm ki, ucuzlaşma dövri sürətlənmə ilə gedəcək və mexanizmlər kifayət qədər üzən olacaq. Ola bilər ki, 2020-2023-ci illər dolların dəyərində tədricən azalma dövrü olacaq, xüsusən də ABŞ valyutasının beynəlxalq ticarətdən sıxışdırılmasına başlanılacaq. Bunu Avrasiya məkanında milli valyutalarda qarşılıqlı hesablaşmalara dair müxtəlif razılaşmalar göstərir və burada dollar üçün bir çox imkanlar azalır. Bəlkə də, gələn il və ya iki il ərzində dollar 20-25% dəyər itirəcək. Amma, dollar iki-üç dəfə ucuzlaşsa, nəticə Amerika iqtisadiyyatı üçün ideal olardı. Bu, Amerika real sektorunun maraqları baxımından ideal olardı. Ancaq burada həm amerikalı maliyyəçilər, həm də Demokratlar Partiyası kimi fərqli qüvvələr fəaliyyət göstərir – onlar belə bir ssenaridə qətiyyən maraqlı deyillər. Onlar üçün güclü dollar hədəfdir. Bəzən dolları zəiflədən tədbirlər görməyə məcbur olsalar da, yenə də dolların beynəlxalq ehtiyat valyutası olaraq qalmasını və mövqeyini qorumasını təmin etməyə çalışırlar. Dolların dərin devalvasiyasını istəmirlər və gələcəyi təsəvvür etmək üçün bunu başa düşmək çox vacibdir. Nə FED, nə də Bayden rəhbərliyi dolları ucuzlaşdırmaq istəyir. Ən azı, indi belədir və bu amil nəzərə alınmalıdır.

Turkustan.info

ƏVVƏLKİ XƏBƏR

İrandan İsraillə: Ən kiçik səhvdə Hayfa və Təl-Əvivi vuracağıq

SONRAKI XƏBƏR

TOS-1A ermənilərə belə zərbə endirdi – Video