Hazırda Azərbaycanda 4244 kənd var. Bu kəndlər arasında əhalisinin sayına görə ən böyük yaşayış məntəqəsi Abşeron rayonunun Masazır kəndidir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə keçirilmiş əhalinin sonuncu siyahıyaalınmasının nəticələrinə əsasən, Masazır kəndində 68 273 nəfər əhali yaşayıb.
Metbuat.az-a istinadla xəbər verilir ki, son illərdə Masazırda əhalinin sayının sürətlə artdığı müşahidə olunur. Abşeron yarımadasında yeni yaşayış massivlərinin salınması, çoxmənzilli binaların və fərdi evlərin tikintisinin genişlənməsi kəndin faktiki əhali sayına da təsir edib.
Masazırın paytaxta yaxın yerləşməsi, nəqliyyat imkanları və mənzil qiymətlərinin Bakı ilə müqayisədə nisbətən münasib olması əhalinin bu əraziyə köçünü sürətləndirən əsas amillərdəndir. Kənddə yeni yaşayış komplekslərinin istifadəyə verilməsi ilə yanaşı, kirayə mənzillərdə yaşayanların sayının da artdığı bildirilir.
Qeyri-rəsmi hesablamalara görə, Masazırda rəsmi qeydiyyatda olmayan, lakin burada daimi və ya müvəqqəti yaşayan şəxslər də nəzərə alındıqda, kəndin faktiki əhalisi 150 min nəfəri keçir.
Beləliklə, Masazır təkcə Azərbaycanın əhalisi ən çox olan kəndi deyil, həm də ölkədə sürətli urbanizasiya və daxili miqrasiyanın ən aydın müşahidə edildiyi yaşayış məntəqələrindən biridir.
Ərazidə yeni yaşayış komplekslərinin tikintisinin davam etməsi və əhali artımının sürətlənməsi Masazırın demoqrafik göstəricilərinin növbəti siyahıyaalınmada daha yüksək rəqəmlərlə əks olunacağı ehtimalını artırır.
Mənbə: www.bakupost.az