TAP-ın bazar sınaqları - VİDEO

TAP-ın bazar sınaqları - VİDEO

Trans-Adriatik Boru Kəmərinin icbari bazar sınaqları iyulda ticarət mərhələsi ilə davam edəcək.

TAP-ın "Twitter" hesabında yerləşdirilən məlumata görə, bu barədə Trans-Adriatik Boru Kəmərinin icraçı direktoru Luka Şipati deyib.

Onun sözlərinə görə, TAP-ın genişləndirməsi üzrə yeni imkanlar təklif etmək üçün ən azı iki ildən bir bazar sınaqları keçiriləcək. Qeyd edək ki, boru kəmərinin hazırda illik ötürücü gücü 10 milyard kubmetrə qədərdi.

Lakin gələcəkdə əlavə qurğular tikilməklə ötürücülük gücü 2 qat artırıla, yəni 20 mlrd. kubmetrə çatdırıla bilər. Bunun üçünsə bazarda müəyyən araşdırma aparmaq və nəticədə nəzərdə tutulan artımın məqsədəuyğun olub-olmadığını, bazarda bu qaza tələbatın nə qədər olduğunu müəyyən etmək lazımdır.

Bazar araşdırmasının isə iki mərhələsi var. Birinci mərhələdə qaz təchizatçılarından qeyri-icbari xarakterli təkliflər alınır və onlar hələlik bu təklifləri müəyyən qiymətə bağlamırlar. Birinci mərhələ çərçivəsində bazarda kifayət qədər qazın mövcud olduğu müəəyən edildi.

Xatırladaq ki, "Şahdəniz-2" yatağından çıxarılan təbii qaz Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsi ilə Avropaya test rejimində daşınmasına başlanılıb. Qaz Türkiyə-Yunanıstan sərhədində birləşən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Adriatik dənizini keçəcək və İtaliyaya qədər çatdırılacaq. Kəmərin 2021-ci ilin I rübündə tam gücü ilə fəaliyyət göstərəcəyi gözlənilir.

Azərbaycan Respublikasının Prezidenti 25 fevral 2014-cü il tarixində "Cənub Qaz Dəhlizi" QSC-nin yaradılması haqqında sərəncam imzalayıb. CQD 51 faiz payla Azərbaycan İqtisadiyyat Nazirliyi və 49 faiz payla SOCAR-ın təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılıb.

Mənbə: www.realtv.az