Çində yeni avtomobil modellərinin təhlükəsizlik yoxlamaları sərtləşdirilir

Çində yeni avtomobil modellərinin təhlükəsizlik yoxlamaları sərtləşdirilir

Yeni modellərin hazırlanma müddətinin sürətlə azalması fonunda Çinin tənzimləyici qurumları avtomobillərin təhlükəsizliyinə nəzarəti artırmaq məqsədilə yeni kampaniyaya start verib.

Bu barədə "Bloomberg" məlumat yayıb.

Çin Avtomobil İstehsalçıları Assosiasiyası və "IAT Automobile Technology"nin hesablamalarına görə, süni intellektin tətbiqi sahədə yeni standartı hazırkı iki il əvəzinə 18 aya endirə bilər. Bu isə ənənəvi xarici rəqiblərin göstəricilərindən təxminən 3-5 il azdır.

"Bloomberg" qeyd edir ki, bu vəziyyət, xüsusən də xarici bazarlara çıxış zamanı innovasiyaların keyfiyyətə nəzarət və tənzimləyici yoxlamaları qabaqlayacağı ilə bağlı narahatlıqlar yaradıb.

Nəşrin məlumatına görə, müvafiq orqanlar avtomobil şirkətlərində qəfil yoxlamaları nəzərdə tutan birillik kampaniyaya başlayıblar.

"Chery" şirkətinin vitse-prezidenti Li Syueyun xəbərdarlıq edərək bildirib ki, avtomobillər milyonlarla ailənin təhlükəsizliyinə birbaşa təsir göstərir və müxtəlif şəraitlərdə sınaqlardan keçməlidir. O, "bəzi inkişaf mərhələlərinin müddətini qısaltmağa sadəcə ixtiyarımız yoxdur", - deyə vurğulayıb.

Məlumata əsasən, bir neçə səs-küylü qəzadan sonra ölkədə akkumulyatorlar, qapı tutacaqları və sürücüyə köməkçi sistemləri ilə bağlı daha sərt qaydalar tətbiq olunub.

Məqalədə vurğulanır ki, Çin hökuməti sınaq müddətlərinin azalması ilə bağlı yaranan problemləri həll etmək üçün elektromobillərin məcburi yol sınaqlarını iki dəfə artıraraq 30 000 kilometrə çatdırmağı təklif edir.

Nəşrin məlumatına görə, nəzarətin gücləndirilməsinə baxmayaraq, istehlakçıların daim yeni modellər və yenilənmələr tələb etməsi səbəbindən Çin istehsalçılarının istehsal tempini aşağı salması çətin olacaq.

"Geely"nin nümayəndəsi Li Şufu müsahibəsində - "kimdənsə sürəti azaltmağı xahiş etmək inandırıcı deyil", - deyə qeyd edib.

Lakin "Automotive Foresight"ın rəsmisi Yel Çjanın sözlərinə görə, 30 000 - 50 000 kilometrlik yol sınaqları kimi baza göstəriciləri var ki, "onları heç nə ilə əvəz etmək olmaz və olmamalıdır".

Mənbə: oxu.az