Dövlət Statistika Komitəsi (DSK) əhalinin qazancının 50 faizini ərzağa xərclədiyini açıqlayıb. İçkilər və tütün məmulatlarını daxil etdikdə rəqəm 54 faizi ötür. 2016-cı ildən bəri DSK-nın açıqladığı rəqəmlərdən görünür ki, bu göstərici artır. Bəzi mənbələr bu rəqəmləri əhalinin yoxsulluğu kimi təqdim edirlər.
Bəs reallıq necədir? Normal statistika neçə faiz olmalıdır? Əhali qazancının nə qədərini ərzağa xərcləsə, normal həyat tərzi sayılır?
İqtisadçı Elçin Rəşidov deyib ki, əsas məsələ “Engel əmsalı”nın hesablanmasıdır:
“Bu, empirik, yəni təcrübəyə əsaslanan göstəricidir və ərzaq xərclərinin ümumi istehlak xərclərindəki payını ifadə edir. Ərzağın ümumi istehlak xərclərində faiz etibarilə payı artdıqca, bu, əhalinin rifah səviyyəsinin aşağı olduğuna işarə edən göstəricilərdən biri hesab olunur. Əlbəttə, bu, rifahı müəyyən edən yeganə göstərici deyil. Burada əmək, mədəniyyət və digər sosial-iqtisadi amillər də nəzərə alınmalıdır. Lakin “Engel əmsalı” kifayət qədər əhəmiyyətli göstəricidir. Dünya Bankının yanaşmasında təxminən 60 faizlik hədd xüsusi əhəmiyyət daşıyır. Ərzaq xərclərinin ümumi istehlak xərclərində payı 60 faizdən yuxarı olduqda, bu, yoxsulluğun yüksək səviyyədə olduğuna işarə edir. Əksinə, göstərici aşağı olduqca, əhalinin rifah səviyyəsinin daha yüksək olduğu qəbuledilir. Məsələn, inkişaf etmiş ölkələrdə bu göstərici çox vaxt 20 faizdən aşağı olur”.

Elçin Rəşidov
İqtisadçı bildirib ki, ərzağın ümumi xərclərdə payı artdıqca rifah səviyyəsinin aşağı düşdüyü müşahidə edilir:
“60-70 faiz civarında göstərici artıq aşağı rifah səviyyəsinin göstəricisi hesab oluna bilər. 60 faizdən yuxarı göstərici isə ölkədə ciddi yoxsulluğun mövcudluğuna dair kritik siqnaldır. O baxımdan, Azərbaycanın təxminən bu səviyyələrdə olan göstəricisi əhalinin rifahının yüksək olmadığını ortaya qoyur. Lakin yalnız bu göstəriciyə əsaslanaraq Azərbaycanı yoxsulluğun ən ciddi səviyyədə olduğu ölkələrdən biri kimi qiymətləndirmək düzgün olmaz. Təəssüf ki, burada göstəricinin kəmiyyətinə də baxmaq lazımdır və digər amillər də nəzərə alınmalıdır.
Müqayisə üçün qeyd edim ki, ABŞ-da əhalinin gəlirlərinin ərzağa yönələn hissəsi təxminən 6-7 faiz səviyyəsindədir. Avropa ölkələrində isə bu göstərici, adətən, 10-15 faiz ətrafında dəyişir. Qonşu Gürcüstanda təxminən 40 faiz civarında olduğu hallara rast gəlinir. Banqladeşdə isə 50-55 faiz arasındadır. Banqladeş nisbətən aşağı rifah səviyyəsinə malik və yoxsulluğun daha geniş yayıldığı ölkələrdən biri hesab olunur. Ona görə də belə statistik göstərici ciddi siqnal kimi qiymətləndirilməlidir. Ərzaq xərclərinin ümumi istehlak xərclərində yüksək paya malik olması əhalinin gəlirlərinin böyük hissəsini ilkin tələbat mallarına yönəltməli olduğunu göstərir və bu da rifah səviyyəsinin qiymətləndirilməsi baxımından mühüm göstəricidir”.
Ləman İmran
Mənbə: globalinfo.az